Xəbərlər


AMEA-nın VİTSE-PREZİDENTİ BEYNƏLXALQ GEODEZİYA VƏ GEOFİZİKA İTTİFAQININ XXVI BAŞ ASSAMBLEYASINDA İŞTİRAK EDİR


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin (AMGGK) prezidenti, akademik İbrahim Quliyev Çexiyada Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (BGGİ) 26-ci Baş Assambleyasının iclasında iştirak edir. Baş Assambleyanın işi çərçivəsində akademik İbrahim Quliyev Rusiya, Gürcüstan, Hindistan, Türkiyə, Macarıstandan olan alimlərlə bir sıra görüşlər keçirib. Görüşlərdə mövcud elmi əlaqələr və gələcəkdə yeni istiqamətlərin yaradılması məsələləri müzakirə edilib.

İyulun 2-dək davam edəcək Assambleyada həmçinin, AMGGK-nin baş katibi, AMEA Rəyasət Heyətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev, komitənin Beynəlxalq Seysmologiya və Yer Təkininin Fizikası Assosiasiyasının (BSYFA) milli nümayəndəsi, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və Geologiya və Geofizika İnstitutunun “Geotermiya” şöbəsinin rəhbəri, geologiya-mineralogiya üzrə elmlər doktoru Abdulvahab Muxtarov da istirak edirlər. Assambleyanın iş planına uyğun olaraq, Qurban Yetirmişli “2012-2014-cü illər ərzində Azərbaycanda baş vermiş güclü zəlzələlərin seysmik moment tenzorun hesablanması üçün təyin edilmiş alqoritm”, Abdulvahab Muxtarov isə “Azərbaycanda bəzi geotermal quyuların energetik resursları”, “Temperatur paylanma modelləri” və “Azərbaycan ərazisinin temperatur və istilik seli məlumatları” mövzularında məruzələrlə çıxış edecəklər. Həmçinin, Assambleyanın Şura İclasında Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin rəhbərliyi BGGİ-nın prezidentinin, vitse-prezidentinin, baş katibinin, xəzinədarının, büro və maliyyə komitəsinin üzvlərinin dörd il müddətinə, eyni zamanda 27-ci baş assambleyanın 2019-cu ildə hansı ölkədə keçiriləcəyi ilə bağlı seçkilərində iştirak edəcək.


100-dən artıq ölkədən 4300 nümayəndənin iştirak etdiyi Baş Assambleya öz işinə BGGİ-nin assosiasiyaların plenar çıxışları və yığıncaqları ilə davam edir.