Xəbərlər


ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

 
İyunun 19-da Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) elmi şuranın növbəti iclası keçirilib. Tədbiri institutun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. O, ilk olaraq  “Binəqədi dördüncü dövr fauna və flora tapıntı yeri: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda tədqiqatlardan danışıb. Bildirib ki, H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin (TTM) mövzu üzrə gördüyü işlər ölkədə təbiətin qədim tarixinin öyrənilməsi, elmin təbliği və elmi potensiala söykənən turizmin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Muzeyin əməkdaşları son illər bu istiqamətlərdə mühüm nəticələr əldə ediblər.

TTM-in rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov sözügedən nəticələr barədə məruzə ilə çıxış edib. O, son 3 ildə Binəqədi fauna və flora qəbiristanlığında qazıntı işlərinin aparılması nəticəsində 30 mindən çox sümük, diş, lələk və buğumayaqlıların xitin örtüklərinin aşkar olunduğunu, bitumdan təmizləndiyini diqqətə çatdırıb. Qeyd edib ki, 3 yeni quş növü və xeyli yeni bitki növü də muzeyin kolleksiyasına əlavə olunub.

Tapıntılar üzərində aparılmış tədqiqatların nəticələri 2015-ci ilin martında Moskvada Rusiya Elmlər Akademiyasının Geologiya İnstitutu, apreldə isə Los Anceles şəhərinin George C. Page və Təbiət Tarixi muzeylərinin rəhbərlikləri ilə müzakirə edilib. Görüşlərdə hər 3 təşkilat ilə əməkdaşlıq imkanlarından da bəhs olunub.


T.Eybatov vurğulayıb ki, Binəqədi fauna və flora qəbiristanlığından tapılmış kərgədanının mütləq yaşı 190 min deyil, məhz 45 min, ardıcınkı isə 55 min il müəyyən edilib. Bunlardan əlavə, qazıntıların bir qisminin holosenə aid olduğu məlum olub.
Sonra, tədqiqatların nəticələri geniş müzakirə olunub, suallar cavablandırılıb. Məruzə elmi şuranın qərarı ilə qəbul edilib.

İclas elmi-təşkilati məsələlərin müzakirəsi ilə davam edib. AMEA prezidentinin sərəncamları və Rəyasət Heyətinin qərarlarından bəhs edən D.Hüseynov bildirib ki, yeni qərara əsasən, bu ildən etibarən doktoranturaya qəbul imtahanları test üsulu ilə aparılacaq və bununla əlaqədar olaraq, GGİ-nin aparıcı alimləri oktyabrın 1-ə qədər 15 elmi istiqamət üzrə test sualları hazırlamalıdır.

Daha sonra, müxtəlif proqram və qrant layihələrinin icrasından bəhs olunub. “Azərbaycan ərazisinin dərinlik quruluşu və paleomaqnetizmi”, “Gədəbəy filiz rayonunun gec yura-erkən təbaşir yaşlı intruziv maqmatizminin kristallaşmasının fiziki-kimyəvi şəraiti və filizəmələgətirən elementlərin təkamül prosesində paylanma qanunauyğunluqları” və “Azərbaycan ərazisinin müasir geodinamikası, geofiziki sahələri və dərinlik quruluşu” mövzularında aparılan tədqiqatlar, həmçinin “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı”nın icrası və “Qarabağın geoloji-coğrafi Atlası”nın tərtibi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

İclas kadr, elmi nəşr və digər məsələlərin müzakirəsi ilə yekunlaşıb.