Xəbərlər


ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI HAQQINDA


Mayın 8-də Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) elmi şuranın növbəti iclası keçirilib. Tədbiri institutun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. O, ilk olaraq “Azərbaycan kaynozoy faunasının beynəlxalq stratiqrafik şkala tərtibatında rolu” mövzusunda tədqiqatlardan danışıb. Bildirib ki, bu istiqamətdə işlər Azərbaycan təbiətinin tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır. GGİ-nin əməkdaşları son illər aparmış olduqları tədqiqatlardan mühüm nəticələr əldə ediblər.

İnstitutun Paleontologiya və stratiqrafiya şöbəsinin baş elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru Məcid Bağmanov sözügedən nəticələr barədə məruzə ilə çıxış edib. Tədqiqatların nəticələri geniş müzakirə olunub, suallar cavablandırılıb. Məruzə elmi şuranın qərarı ilə qəbul edilib.

İclas elmi-təşkilati məsələlərin müzakirəsi ilə davam edib. “Aralıq, Qara və Xəzər dənizləri palçıq vulkanizminin müqayisəli təhlili”, “Yüksək P və T geodinamik proseslərin flüidtutumlu kollektor süxurlarına təsirinin nəzəri-eksperimental tədqiqatları”, “Xəzərin dibində istilik seli və istilik mübadiləsi modelləri”, “Qaz-kondensat yataqlarında retroqrad kondensasiya zonasında baş verən proseslərin fiziki-termodinamiki xüsusiyyətlərinin tədqiqi”, “Qaz-kondensat yataqlarının horizontal quyularla işlənilməsi prosesinin modelləşdirilməsi” və “Geoloji mühitlərin qeyri-xətti deformasiyalarını nəzərə almaqla quyuların qazılması zamanı qərarların qəbul edilmə üsulları” mövzuları üzrə tədqiqatlardan bəhs olunub.

Daha sonra qrant layihələrinin icrası haqqında məlumat verilib. “Yer təkinin neftqazlılığının geodinamik proqnozu üsulunun modifikasiya olunmuş alqoritm və proqramının nəzəri aspektlərinin işlənib hazırlanması və onun Acınohur struktur zonasında tətbiqi”, “Quyu-lay sistemində qazlift prosesinin riyazi modelləşdirilməsi, səmərəli iş rejimlərinin tapılması üçün həll üsullarının və hesablama alqoritmlərinin işlənib hazırlanması” adlı layihələr, AMEA ilə İtaliyanın Milli Elm Şurası arasında imzalanmış proqram çərçivəsində aparılan müştərək elmi tədqiqatlar, həömçinin H.Zərdabi adına Təbiət-Tarixi Muzeyinin fəaliyyəti haqqında çıxışlar maraqla qarşılanıb.

İclas kadr və digər məsələlərin müzakirəsi ilə başa çatıb.