Xəbərlər


BİNƏQƏDİ İLƏ LOS ANCELESİ BAĞLAYAN ELMİ ƏMƏKDAŞLIQ


Binəqədidən tapılan buz (pleistosen) dövrünə aid fauna və flora qalıqları Los Anceles Təbiət Tarixi Muzeyində (LATTM) nümayiş etdirilə bilər. Muzey rəhbərliyinin bu barədə təklifini Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov səmimiyyətlə qəbul edib. Belə ki, Azərbaycan alimi AMEA-nın Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, elmi jurnalist Səid Hüseynovla birgə Los Ancelesin George C. Page Muzeyini ziyarət edib.
 GGİ rəhbərliyinin dəstəyi ilə baş tutmuş bir həftəlik səfər zamanı azərbaycanlı qonaqlar geoloji və paleontoloji baxımdan Binəqədi qır gölü ilə eyni xarakterə malik olan La Brea qır gölünü ziyarət ediblər. Belə ki, buz dövründə hər iki ərazidə qır gölü olub. Bir çox qədim heyvan, hətta nəsli kəsilmiş yırtıcılar onu içməli su, üzərinə yapışıb qalmış canlıları isə asan yem mənbəyi hesab edib, min illərlə bu tələnin qurbanı olub. Yapışqan qır onların sümüklərini dövrümüzə qədər qoruyaraq saxlayıb. La Breanın maksimal yaşı 55 min il olduğu halda, Binəqədidəki tapıntılar 100-150 min bundan əvvəlki dövrə aiddir. 

T.Eybatov və S.Hüseynov George C. Page Muzeyinin baş kuratoru Con Harris və laboratoriya rəhbəri Şeley Koksun bələdçiliyi ilə Los Ancelesdəki sözügedən geoloji-palentoloji abidə barədə, həmçinin muzeyin zəngin kolleksiyası, strukturu, qazıntı və elmi tədqiqat metodikaları haqqında ətraflı məlumatlandırılıblar. LATTM-in strukturunda fəaliyyət göstərən muzey kollektivi öz növbəsində Binəqədi fauna və flora qəbiristanlığı haqqında məlumatı maraqla qarşılayıb.

Sonra AMEA-nın əməkdaşları LATTM-ın prezidenti Ceyn Pisano və vitse-prezidenti Luis Çiappe tərəfindən görüşə dəvət olunublar. Amerikalı alimlər azərbaycanlı qonaqlara muzeyin zəngin kolleksiyası, elmi potensialı və elmi tədqiat istiqamətləri haqqında danışıb, yaxın zamanda müəssisənin strukturunun və araşdırmalarının genişləndiriləcəyini bildirib. Muzey rəsmiləri planlaşdırılan işlər çərçivəsində dünyanın müxtəlif ölkələrindən fauna və flora nümunələri, o cümlədən Binəqədidən tapılmış skeletləri burada nümayiş etdirmək niyyətində olduqlarını deyiblər. Təşəbbüsü səmimiyyətlə qəbul edən T.Eybatov bunun AMEA və LATTM arasında müqavilə və ya proqram əsasında mümkün ola biləcəyini söyləyib.

Görüş zamanı ABŞ mütəxəssislərinin Binəqədiyə səfəri də nəzərdə tutulub. T.Eybatov LATTM-lə tanışlığı və əməkdaşlıq təklifini yüksək dəyərləndirib. Qeyd edib ki, belə bir əməkdaşlıq Bakıdakı dənizkənarı bulvarda yeni binasının tikintisi nəzərdə tutulan H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin strukturunu və kolleksiyasını formalaşdırmaqda təcrübə baxımından faydalı ola bilər.

Xatırladaq ki, Binəqədi fauna və flora qəbiristanlığı Amerika alimlərinin diqqətini 2011-ci ilin yanvarında ABŞ-ın “Natural History” jurnalında dərc olunmuş məqalədən sonra çəkib. S.Hüseynov və C.Harris tərəfindən birgə yazılmış material hər iki ölkənin sözügedən geoloji-paleontoloji obyektlərini ətraflı təsvir edir, zəngin kolleksiyaları barədə müqayisəli şəkildə məlumat verir.