Xəbərlər


DAŞKƏSƏN FİLİZ YATAĞINDA TƏDQİQATLAR PLANLAŞDIRILIR


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) Daşkəsən filiz yatağında tədqiqatlar planlaşdırır. Araşdırmalar AMEA ilə “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC arasında bağlanmış memorandum çərçivəsində nəzərdə tutulur. Bu məqsədlə GGİ-nin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun başçılığı, AMEA-nın müxbir üzvü Çingiz Əliyev və geologiya-mineralogiya elmləri doktoru Yusif İsrafilovun iştirakı ilə Daşkəsənə səfər təşkil olunub. Nümayəndə heyəti adıçəkilən yataqda olub, “Daşkəsən Filizsaflaşdırma” ASC-nin rəhbərliyi, o cümlədən baş geoloqu Rasim Süleymanlı ilə görüşüb. Alimlər institutun məsələyə dair elmi tədqiqat potensialından bəhs ediblər. 

Geoloji obyektə dolan yeraltı suların qarşısının alınması yollarını araşdırmaq, həmçinin radioaktivliyin miqdarını ölçmək imkanları müzakirə olunub, aparılması mümkün olan tədqiqatlar və tədbirlər müəyyən edilib.