Xəbərlər


ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI HAQQINDA


Aprelin 3-də Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) elmi şuranın növbəti iclası keçirilib. Tədbiri institutun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. O, ilk olaraq  “
Cənub-Şərqi Qafqazın geoloji sistemləri” mövzusunda tədqiqatlardan danışıb. Bildirib ki, bu istiqamətdə işlər regionun yeraltı dərinliklərində gedən geoloji və geofiziki proseslər baxımından böyük əhəmiyyət daşıyır. GGİ-nin əməkdaşları son illər aparmış olduqları tədqiqatlardan mühüm nəticələr əldə ediblər.

İnstitutun Geotektonika və regional geologiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi V.Korobanov sözügedən nəticələr barədə məruzə ilə çıxış edib. O, ilk dəfə olaraq sinergetikanın əsas anlayışlarından – sistemli analiz, dissipativ struktur nəzəriyyəsi, qeyri-xətti dinamika, fraktal geometriya və s. istifadə etməklə Cənub-Şərqi Qafqazın geoloji quruluşu və inkişafının tədqiq edildiyini bildirib. Əlavə edib ki, sistemli analiz əsasında Cənub-Şərqi Qafqazın alp çöküntü qatını əmələ gətirən komplekslərin struktur təkamülünün, lövhə, örtük və lay dəstələrinin en kəsiyi boyu geoloji sistemlərinin dizyunktiv əlaqələrinin, dizyunktivlərin vahid əlaqə tiplərinin, 7 sinif dizyunktivlərin geoloji sistemlərinin modeli tərtib edilib. Geoloji-geofiziki məlumatların xüsusi metodlarla rəqəmləşdirilməsi və ədədi işlənilməsi əsasında geoloji sistemlərdə qeyri-xəttilik, fraktallıq, dövrlük və kooperativlik effektinin təzahürü qiymətləndirilib, Elliot nəzəriyyəsinə əsaslanmaqla Cənub-Şərqi Qafqazın meqazona, zona və yarımzonalarının dalğalar modeli tərtib edilib. 

Sonra, tədqiqatların nəticələri geniş müzakirə olunub, suallar cavablandırılıb. Məruzə elmi şuranın qərarı ilə qəbul edilib.

İclas elmi-təşkilati məsələlərin müzakirəsi ilə davam edib. AMEA-nın prezidentinin sərəncamları və Rəyasət Heyətinin qərarlarından bəhs olunub, başa çatmış “Qara dəniz-Xəzər regionunda palçıq vulkanizmi təzahürünün qanunauyğunluqlarının müqayisəli analizi” mövzusu üzrə işlərin hesabatı və Petrofiziki məlumatların klaster analizi və neyron şəbəkə üsulu ilə təhlili” adlı qrant layihəsinin icrası haqqında çıxışlar dinlənilib.

İclas struktur, kadr və digər məsələlərin müzakirəsi ilə davam edib.