Xəbərlər


İTALİYALI ALİMLƏR NEFTLƏ ÇİRKLƏNMİŞ ƏRAZİLƏRDƏ MÜŞTƏRƏK TƏDQİQATLAR APARMAĞI TƏKLİF EDİB


İtaliya alimləri ölkəmizdə ətraf mühitin mühafizəsi istiqamətində tədqiqatlar aparmaq üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutuna (GGİ) əməkdaşlıq təklif ediblər. Neft və qaz çıxarılan yerlərdə tədqiqatlar aparılması, çirklənmiş dəniz və içməli suların tərkibinin öyrənilməsi barədə razılığa gəlinib. Bu niyyətlə adıçəkilən ölkənin Salerno Universitetinin Sanitar Ətraf Mühit üzrə Mühəndislik Bölməsinin professoru Vinçenzo Nadeo və Sənaye Mühəndisliyi Bölməsinin əməkdaşı, fəlsəfə doktoru Françesko Vileko GGİ-də olublar.

Qonaqlar institutun kollektivi ilə görüşüb, elmi-texniki imkanları, elmi-tədqiqat nəşrləri və prioritet fəaliyyət istiqamətləri ilə maraqlanıblar. Qurumun neftin geokimyası şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Qalina Martinova bildirib ki, GGİ elmi nəticələrin istehsalatda tətbiqi istiqamətində imkanlarını təkmilləşdirir. İnstitutun “Analitik Cihaz və Avadanlıqlardan Kollektiv İstifadə Mərkəzi”nə “S8 TIGER” rentgenspektrometri, “JEOL MS 6610LV” skaynerli elektron mikroskopu, “Rigaku Miniflex 600” rentgendifraktometri, “Agilent technologies 200 series AA” atom absorbsiyası və “Agilent technologies 7700 e ICP-MS” analizatorları alınıb. Bu avadanlıqlar mineral xammal, süxur, filiz, metal və ərintilərin, həmçinin torpaq, dib çöküntüləri, sement, şüşə və daşların tərkibində mikroelementləri müəyyən edə bilir. Eyni zamanda onların vasitəsi ilə istənilən qeyri-üzvi bərk və maye maddələrin, içməli və texniki suların kimyəvi tərkibini, o cümlədən neft və neft məhsullarındakı metalların mikrokomponentlərini təyin etmək mümkündür. Sözügüdən elmi-texniki vəsaitlər ABŞ, Almaniya və Yaponiyada istehsal edilib və ekoloji problemlərin tədqiqində xüsusi əhəmiyyətlidir. “Analitik Cihaz və Avadanlıqlardan Kollektiv İstifadə Mərkəzi” Azərbaycanda belə bir imkanları özündə cəmləşdirən yeganə laboratoriyadır. Burada magistrlara müvafiq istiqamətlərdə dərslər də tədris olunur.

V.Nadeo Salerno Universitetindəki təhsil proqramları və elmi tədqiqat sahələrindən danışıb, elmlə təhsilin vəhdət inkişafından bəhs edib. İtliyalı alimlər azərbaycanlı həmkarları ilə əməkdaşlıq üçün universitetdə mövcud şəriti əyani vəsaitlərlə təsvir ediblər. Bildiriblər ki, təmsil etdikləri qurum yeni elmi texnologiyaların əldə olunmasına və ətraf mühitin qlobal problemləri üzrə tədqiqatlarda tətbiqinə çalışır. GGİ-nin əməkdaşlarına bu sahədə müştərək tədqiqatların hədəflərini müəyyən etmək təklif olunub. Konkret tədqiqat istiqamətlərindən əlavə, təcrübə mübadiləsi barədə də razılığa gəlinib. Nəzərdə tutulan təşəbbüslərin reallaşdırılması məqsədi ilə yaxın aylarda memorandumun imzalanması gözlənilir.

AMEA-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, geologiya üzrə fəlsəfə doktoru Qulam Babayevin dəvəti ilə gəlmiş italiyalı alimlər Avropa Komissiyasının “Horizon-2020” adlı tədqiqat və innovasiya üzrə proqramının iştirakçılarıdır. İdarə rəhbəri bildirir ki, 2014-cü il ərzində akademiyada proqram barədə bir sıra məlumatlandırma tədbirləri keçirilib və bu görüş həmin toplantıların məhsuldar nəticəsidir.