Xəbərlər


ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB


Fevralın 27-də Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) elmi şuranın növbəti iclası keçirilib. Tədbiri elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. O, ilk olaraq Karbohidrogen yataqlarının işlənilməsi üzrə investisiya layihələrinin qiymətləndirilmə meyarları və onların istifadəsi” mövzusunda tədqiqatlardan danışıb. Bildirib ki, bu istiqamətdə işlər karbohidrogen yataqlarının mövcud ehtiyatlarından səmərəli istifadə olunması baxımından böyük əhəmiyyət daşıyır. Bunu nəzərə alan GGİ-nin əməkdaşları son illər aparmış olduqları tədqiqatlardan mühüm nəticələr əldə ediblər.

İnstitutun neft yataqlarının işlənilməsi şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü  Arif Quliyev sözügedən nəticələr barədə məruzə ilə çıxış edib. O, araşdırmaların məqsədini neft ehtiyatlarının üzunmüddətli səmərəli mənimsənilməsinin təmin edilməsi ilə əlaqələndirib. Məruzəçi təklif olunan yeni meyar­lara əsaslanaraq tövsiyə edib ki, neft verimini artıran üsulların tətbiqinə mümkün qədər yatağın işlənilməsinin erkən dövrlərində başlanıl­ması daha məqsədəuyğundur.

Sonra, tədqiqatların nəticələri geniş müzakirə olunub, suallar cavablandırılıb. Məruzə elmi şuranın qərarı ilə qəbul olunub.

İclas elmi-təşkilati məsələlərin müzakirəsi ilə davam edib. “Çoxlaylı qaz və qazkondensat yataqlarının işlənilməsi prosesinin modelləşdirilməsi”, “Prioritet istiqamətlərin seçilməsi məqsədi ilə neft geologiyası, geokimyası, geofizikası, neft və qaz yataqlarının işlənilməsi sahələrində nəşrlərin elmimetrik təhlili” mövzularında çıxışlar dinlənilib. 

AMEA-nın Rəyasət Heyəti tərəfindən tövsiyə olunan “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” elmi-tədqiqat proqramı haqqında məlumat verilib, TÜBİTAK-la əməkdaşlıq proqramı çərçivəsində hazırlanmış “Yerüstü çöküntülərdə radon sahəsinin formalaşmasının ekoloji risk ilə əlaqədar geotektonik müşahidəsi” layihəsi müzakirə edilib.