Xəbərlər


PALÇIQ VULKANLARINA DAİR TƏDQİQATLARIN COĞRAFİYASI GENİŞLƏNİR


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu (GGİ) palçıq vulkanlarının tədqiqi istiqamətində xarici əlaqələrini, məlumat və təcrübə mübadiləsini genişləndirməkdədir. İnstitutun rəhbərliyi ilə xarici elmi-tədqiqat müəssisələri arasında imzalanmış əməkdaşlıq müqavilələri, həmçinin qrant layihələri çərçivəsində müəyyən işlər aparılıb, mühüm nəticələr əldə olunub. Tədqiqatlar GGİ-nin palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru professor Adil Əliyevin başçılığı ilə həyata keçirilir.

Belə ki, Azərbaycan və Ukraynanın palçıq vulkanlarının geoloji-geokimyəvi xüsusiyyətləri müqayisəli təhlil edilib və yeni məlumatlar alınıb. İlk dəfə olaraq Azərbaycanın palçıq vulkanlarında mineralogiya üzrə işlər aparılıb və bu, GGİ-də yeni elmi istiqamət kimi formalaşdırılır. Şamaxı-Qobustan regionunun palçıq vulkanlarında, o cümlədən Dəmirçi, K. Mərəzə və Şıxzarlidə yerin üzərinə çıxan axıntılarda müxtəlif növ minerallar öyrənilib, sulfatlar ˗ mirabilit, tenardit, yarozit, gips, eləcə də onların kalsium, maqnezium və dəmirlə qarışığı müəyyən edilib.

Tədqiqatlar Ukrayna Elmlər Akademiyasının Dəniz Geologoyası və Çöküntü-Filiz Əmələgəlməsi Bölməsi ilə birgə “Azov-Qara dəniz və Qafqaz regionlarının palçıq vulkanlarının müqayisəli tədqiqi” adlı layihə çərçivəsində aparılır. Layihənin ukraynalı alimlər tərəfindən icra olunan işlərinə bölmənin rəhbəri, akademik Yevgeniy Şnyukov başçılıq edir. Beşillik layihə 2017-ci ildə başa çatacaq.

Rusiya Elmlər Akademiyasının Geoloji İnstitutu ilə “Qafqaz regionun müasir geodinamikası, flüid rejimi və neft-qazlılığı” adlı layihə də həyata keçirilir. Burada Azərbaycanın 40-dan çox palçıq vulkanından götürülmüş qaz və su nümunələri izotop-geokimyəvi analiz olunub və nəticələr Gürcüstanın Taman yarımadasındakı palçıq vulkanlarının yer səthinə çıxardığı flüidlərlərdəki geokimyəvi göstəricilərlə müqayisə edilib.

Vulkanlarda üstünlük təşkil edən iki əsas su növü müəyyən edilib:  az minerallaşmış natrium xlorid və çox minerallaşmış kalsium xlorid. Vulkanlarda mineral suların temperaturunun dərinliklərə nisbətən dəyişməsi neftqazəmələgəlmənin ilkin mərhələsi ilə əlaqəni göstərir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə “Dünya palçıq vulkanları atlası” ilk dəfə nəşrə hazırlanıb. Atlasda Alp-Himalay dağları və Sakit okeanın əhatə etdiyi tektonik qurşaqlarda yerləşən 42 ölkədə, habelə Xəzər, Qara və Aralıq dənizlərinin  dərinliklərində intişar tapmış palçıq vulkanları üzrə materiallar ümumiləşdirilib, təhlil edilib. Atlasda vulkanların morfologiyası, struktur mövqeyi və püskürmə məhsulları ətraflı şərh olunur. Burada yarım əsr ərzində palçıq  vulkanlarını öyrənən Azərbaycan alimlərinin əvvəllər əldə etdikləri nəticələr qlobal miqyasda təsdiqini tapır. Belə ki, palçıq vulkanlarının əmələ gəlməsi və təzahür mexanizminin 15-20 kilometr dərinliklərdə gedən geodinamik şərait və termodinamik proseslərlə əlaqədar olması barədə alimlərimizin fikirləri atlasın əhatə etdiyi ölkələrin tədqiqatçılarının məlumatları ilə üst-üstə düşür.

A.Əliyev bildirir ki, Yer kürəsində 2500-dən artıq palçıq vulkanı müəyyən edilib. Onların 350-dən çoxu Azərbaycanda yerləşir. Atlasdakı bütün vulkanlar ilk dəfə olaraq iki genetik tipə – palçıq vulkanları və palçıq vulkanı təzahürlərinə ayrılır. Buradakı bütün məlumatlar dünya üzrə palçıq vulkanlarına dair aparılmış 600-dən çox ədəbiyyat materallarının tərcüməsi və təhlili nəticəsində əldə olunub. Atlasda 450 rəngli şəkil, o cümlədən xəritə və sxemlər, yer üzərində, peyk və hava nəqliyyatından çəkilmiş 340 foto, 136 cədvəl verilib. Atlas hər biri 320 səhifə olan azərbaycanca, ingilis və rus variantlarında hazırlanıb. Bunlardan əlavə, burada 68 səhifəlik izahat kitabçası da vardır. Atlasın nəşri İtaliyada nəzərdə tutulur.