Xəbərlər


AMEA YER ELMLƏRİ BÖLMƏSİNİN HESABATI DİNLƏNİLDİ


Bu gün AMEA Geologiya və Geofizika İnstitutunda AMEA Yer Elmləri Bölməsinin elmi və elmi təşkilati fəaliyyəti haqqında 2015-ci ildə ilk hesabatı dinlənildi.

Hesabatda bölmə üzvləri, Geologiya və Geofizika, Coğrafiya institutlarının və Respublika Seysmoloji Xidmət Mərkəzinin direktorları, elmi işlər üzrə direktor müavinləri və elmi katibləri, elmlər doktorları, BDU, ADNA və ARDNŞ-dən alim və professorlar iştirak edirdilər.

Öncə bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Sonra bölmənin elmi-təşkilati fəaliyyəti, kadr məsələləri, elmi nəşr haqqında məruzə ilə çıxış etdi. Bildirdi ki, 2014-cü ildə AMEA-nın ümumi illik yığıncağında Yer Elmləri Bölməsinə yeni üzvlər seçilib. Onlardan 5 nəfər AMEA-nın həqiqi üzvü, 8 nəfər AMEA-nın müxbir üzvüdür. Sonra F.Qədirov bölmənin ümumi yığıncağı və büronun fəaliyyəti haqqında danışdı. Akademik söylədi ki, hazırda bölmənin tərkibində AMEA-nın 9 həqiqi və 18 müxbir üzvü fəaliyyət göstərir. Hesabat ilində Yer Elmləri Bölməsinin 11 ümumi, 5 büro iclası keçirilib. 2014-cü ildə bölmə üzvləri prioritet istiqamətlərdə tədqiqatlar aparmış və alınmış nəticələrin bir çoxu Thomson Reuters Impact Factorlu jurnallarda dərc edilib.

Akademik, həmçinin qeyd etdi ki, Respublikada geofizika sahəsində elmi tədqiqat institutu olmadığı üçün AMEA-nın Rəyasət Heyəti 27 fefral 2014-cü il Qərarı ilə Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin tərkibindəki Geologiya İnstitutunun Geologiya və Geofizika İnstitutu adlandırılması məqsədəuyğun hesab olunub. Yer Elmləri üzrə 2014-cü ildə Dünya Elminə İnteqrasiya və İmpakt Faktorlu Xarici Jurnallarda dərc olunan məqalələrdəki yeniliklər barədə də söz açıldı. Bu məqalələr geodinamika və seysmologiya, neft geologiyası və palçıq vulkanizmi istiqamətlərini əhatə edir.

Tədbirdə AMEA-nın həqiqi üzvləri Vasif Babazadə, Arif İsmayıl-zadə , Hətəm Quliyev, Ramiz Məmmədov və b. bölmənin hesabatı ilə bağlı müzakirələr ətrafında çıxış etdilər.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 fevral 2014-cü il Sərəncamı ilə Azərbaycanda elmin inkişafı və təşkili sahəsində səmərəli fəaliyyətinə, yüksək ixtisaslı elmi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə AMEA-nın prezidenti, akademik Akif Əlizadə “İstiqlal” ordeni ilə təltif edilib. Bundan başqa ölkə prezidentinin 26 oktyabr 2014-cü il Sərəncamı ilə neft və qaz sənayesi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinə görə AMEA-nın müxbir üzvü Elmira Məmmədəmin qızı Ramazanova “Şöhrət” ordeni ilə təltif edilib.

Sonra AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə alınan avadanlıqlar, bölmənin təklif və müraciətləri, görüşləri və s. haqqında danışdı, gələcək tədqiqatlar haqqında tövsiyələrini irəli sürdü.

Sonda bölmənin fəaliyyəti akademiyanın prezidenti tərəfindən qənaətbəxş hesab edildi.