Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda 2
Yanvar faciəsinin 25-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ), həmçinin Həmkarlar İttifaqi tərəfindən təşkil olunmuş tədbiri şuranın sədri, geologiya üzrə fəlsəfə doktoru Orxan Abbasov açıb və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra GAMŞ-ın rəhbəri 1990-cı il yanvarın 20-də sovet hökuməti və ordusu tərəfindən Azərbaycana qarşı törədilmiş qırğının təfərrüatlarından, xalqımızın azadlıq əzmindən danışıb. Qeyd edib ki, 20 Yanvar hadisələri azərbaycanlıların yalnız faciəsi deyil, həm də istiqlaliyyət tarixinin şanlı səhifəsidir. Böyük tarixə malik olan xalqımız torpaqlarının azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi. O zaman qanlı yanvar hadisəsinə ulu öndər, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev tərəfindən doğru siyasi-hüquqi qiymət verildi. Ümummilli lider ölkəmizin haqq səsini dünyaya çatdırmaq, beynəlxalq təşkilatları bu faciə haqqında məlumatlandırmaq işində mühüm addımlar atdı. Onun vətənpərvərlik hislərindən qaynaqlanan siyasəti bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının yorulmaz əməyi nəticəsində tariximizin reallıqları dünya siyasətinin yüksək təbəqələrində bərqərar olur. Bu gün ölkənin intellektual gəncliyi milli-mənəvi irsin qorunması və həqiqətlərin dünyaya çatdırılması işində öz töhfələrini verməyə çalışır. Bügünkü anım tədbirini təşkil etməklə GGİ-nun kollektivi ümummilli missiyada geri qalmamağa çalışıb.

Sonra, institutun şöbə müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor, şair Hikmət Mahmudov çıxış edib. O, əvvəlcə hafizəsinə həkk olunmuş qanlı yanvarla bağlı görüntüləri dilə gətirib. Həmçinin, tarixi faciəyə verilən qiymətdən söhbət açıb, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın, xüsusən də gənc nəslin bu istiqamətdə marifləndirilməsinin önəmliyindən bəhs edib. Professor çıxışını 20 Yanvar şahidlərinin xatirəsinə həsr etdiyi şerlə tamamlayıb.

Daha sonra, institutun digər əməkdaşları – Nigar Abdullayeva, Elşad barat və başqaları çıxış edərək 20 Yanvar faciəsinə dair qəmgin xatirə və şerləri davam etdiriblər.

Tədbir qanlı yanvar gecəsinə aid görüntü və tarixi faktlardan ibarət sənəli filmin nümayişi ilə başa çatıb.