Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU İLLİK HESABAT VERDİ


Dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat verib. Yer Elmləri Bölməsi və GGİ-nin Elmi Şurasının birgə iclasında AMEA-nın prezidenti, institutun direktoru akademik Akif Əlizadə v
ә elmi ictimaiyyәtin digәr tanınmış nümayәndәlәri iştirak edib.  Hesabat institutun elmi işlәr üzrә direktor müavini, geologiya-mineralogiya elmlәri doktoru Dadaş Hüseynov tәrәfindәn tәqdim olunub. Geniş mәruzә ilә çıxış edәn alim xatırladıb ki, AMEA 70 illik yubileyini qeyd etməyə hazırlaşır. Bu yubiley Azərbaycan elminin həm Sovet dövründə, həm də Azərbaycanın müstəqillik illərində əldə etdiyi böyük nailiyyətlərin əyani sübutudur. Azərbaycanda elmin çiçəklənməsi, iqtisadi inkişafın dinamikası respublika rəhbərliyinin fundamental və tətbiqi tədqiqatların inkişafına göstərdiyi qayğı və diqqətin nəticəsidir.

Hesabat ili AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər ilə əlamətdar olub. İyun ayında keçirilmiş seçkilərdən sonra AMEA-nın həqiqi üzvlərinin sayı 26, müxbir üzvləri isə 50 nəfər artıb. GGİ-nin əməkdaları arasından 2 həqiqi üzv, 3 müxbir üzvün seçilməsi institutun elmdəki xidmətinə verilən böyük qiymətdir.

Natiq bildirib ki, 2014-cü il GGİ-də 5 problem üzrə 15 mövzuda 25 elmi tədqiqat işi aparılıb. Ümumən 12 elmi tədqiqat işi başa çatdırılıb, 2 mühüm elmi nəticə əldə edilib. Həmçinin, 7 qrant layihəsinin icrası tamamlanıb, 9 qrant layihəsi üzrə tədqiqatlar davam etdirilir.

2014-ci ildə GGİ-nin prioritet neft istiqaməti üzrə elmi-tədqiqat fəaliyyətinin əsas hissəsi “2007-2014-cü illər ərzində Cənubi-Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsi Proqramı”nın icrası ilə bağlı olub. Cənubi Xəzər çökəkliyinin keçən əsrin 50-ci illərindən mövcud olan geoloji-geofiziki modeli yeni məlumat, nəzəriyyə və texnologiyalar əsasında təkmilləşdirilib.

İlk dəfə Azərbaycan Respublikası ərazisinə məxsus coğrafi uzlaşdırılmış tektonik rayonlaşdırma, minerageniya, palçıq vulkanlarının məkanca paylanması və güclü zəlzələlərin başvermə mümükünlüyü üzrə zonaların xəritələri işlənib hazırlanıb.

Bundan əlavə, termal suların ocaqlarından alternativ enerji mənbəyi kimi istifadə edilməsi məqsədi ilə tədqiqatlar aparılır. Respublikanın dağlıq, dağətəyi və düzənlik ərazilərində termal su ocaqlarının fəza strukturu, kəmiyyət və keyfiyyət göstəriciləri, formalaşma qanunauyğunluqları, miqrasiya yolları və termodinamiki parametrləri öyrənilib. Suların mənbələrinə dair məlumat bazası hazırlanıb, yer səthinə qalxmasının mexanizmi müəyyənləşdirilib. Termal suların və onları müşayiət edən qazların izotop analizləri də aparılıb. Analizlərin nəticəsinə əsasən, termal suların istilik mənbələri ilə mantiya flüidləri arasında əlaqə olduğu ehtimal edilir.

“Böyük Qafqazın şərq hissəsinin və Talış dağlarının flüid təzahürləri: flüid geokimyası, struktur və geodinamik asılılıq” proqramı çərçivəsində Talış dağlarında İtaliya Milli Tədqiqat Şurasının alimləri ilə birgə tədqiqatlar aparılıb. Nəticədə müəyyən edilib ki, sanitar-gigiyenik normalara görə, Talışın mineral sularının içməli su kimi və vanna qəbul etmək üçün istifadəsi əhalinin sağlamlığına təhlükə törətmir. Yalnız Yardımlı rayonun Bülüdül su mənbəyi istisna olunur. Çünki, bu mənbədə radonun miqdarı içməli su üçün qəbül olunmuş normadan 1,5 dəfə artıqdır.

Hesabat ilində institut əməkdaşlarının 91 elmi əsəri dərc olunub. Bundan əlavə, alimlərimiz xarici nəşrlərdə 37 elmi məqalə cap etdiriblər. Onlardan 17-si impakt faktorlu jurnallarda işıq üzü görüb.

2014-cü ildə “Fundamental və tətbiqi elmlərin (yer, texnika, kimya elmləri) aktual problemlərinin həllində multidissiplinar yanaşmanın rolu” mövzusunda gənc alim və mütəxəssislərin I beynəlxalq elmi konfransı keçirilib. Həmçinin, GGİ-də aparılan elmi-tədqiqat işlərinin nəticələri Gəncə Dövlət Universiteti, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı və Lənkəran Dövlət Universitetində təbliğ olunub.

İnstitutun gənc alimləri Almaniyanın GEOMAR Okean Tədqiqatları üzrə Mərkəzi, İstanbul Texniki Universiteti, Rusiyanın Dubna şəhrində Beynəlxalq Nüvə Tədqiqatları Mərkəzi, Rusiya Elmlər Akademiyasının Geologiya İnstitutu, Parisdə Pyer və Mariya Kürü Universiteti, Berlində Bruker Analitik Şirkəti və digər ölkələrin elmi-tədqiqat müəssisələrində təcrübə keçib, təlim, seminar və konfranslarda iştirak ediblər.

GGİ-də 2014-cü ildə fəlsəfə doktoru hazırlığı üzrə 18 doktorant təhsil alıb. Hazırda institutun Geotektonika və regional geologiya şöbəsinin elmi işçisi Fuad Əliyev doktorantura və elmi-tədqiqat işinə dair ixtisasartırma təhsili almaq üçün İsveçrənin Friburq Universitetində 6 aylıq ezamiyyətdədir. Bu gün elmi müəssisədə 8 bakalavr və 19 magistrant çalışır. Onların buraxılış işləri və dissertasiyaları çalışdıqları şöbələrdə aparılan elmi tədqiqatların mövzularına müvafiq müəyyən edilir.

Sonra akademik Akif Әlizadә çıxış edәrәk bildirdi ki, AMEA-da yeni texnopark müәssisәlәri yaradılmalı, innovativ nәticәlәrin tәcrübәdәn keçirilmәsi üçün imkanlar yaradılmalıdır. Hәmçinin, xarici alimlәrlә birgә Qara dәnizdәn Xәzәrәdәk әrazilәrin ekosistemi vә yeraltı sәrvәtlәrinә dair regional tәdqiqatlar aparmağa ehtiyac vardır. Akademik bu işlәrә gәnc alimlәrin dә cәlb olunmasını, kadr hazırlığı siyasәtindә onların potensialından sәmәrәli istifadәni vacib hesab edib.

Daha sonra hesabata dair çıxışlar dinlənilib, institutun 2014-cü ildəki fəaliyyəti yüksək qiymətləndirilib.