Xəbərlər


AMEA-nın PREZİDENTİ, AKADEMİK AKİF ƏLİZADƏ SERBİYAYA SƏFƏR EDİB


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti Serbiya Elmlər və İncəsənət Akademiyasının (SANU) prezidenti, akademik Nikola Xaydinin dəvəti əsasında 30 noyabr - 4 dekabr tarixlərdə Serbiyaya sfər ediblər.

Səfər proqramı SANU prezidenti ilə keçirilən təkbətək görüşlə başladı. Görüş zamanı Azərbaycanla Serbiya arasında münasibətlərin qısa zaman ərzində strateji tərəfdaşlıq səviyyəsinə qalxmasından məmnunluq ifadə edilmiş, bu münasibətlərin elm sahəsi də daxil olmaqla müxtəlif istiqamətlərdə daha da genişləndirilməsinin vacibliyi vurğulanmışdır. Səmimi və konstruktiv zəmində keçən görüşdə iki ölkənin müvafiq elmi-tədqiqat institutları arasında əməkdaşlıq, təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran sahələr üzrə birgə layihələrin həyata keçirilməsi məsələləri ətraflı müzakirə edilmişdir. 


İkitərəfli görüşlərdən sonra hər iki ölkənin elmlər akademiyalarının prezidentləri tərəfindən nümayəndə heyətlərinin iştirakçılarının geniş tərkibli iclası zamanı AMEA ilə SANU arasında əməkdaşlıq haqqında saziş və buna əlavə protokol imzalanmışdır.


İclas zamanı akademik A.Əlizadə Azərbaycan dövlətinin ölkənin elminə, tarixinə, mədəniyyətinə və təhsilinə göstərdiyi qayğı, Prezident İlham Əliyevin bu dəstək və qayğını xüsusi diqqət mərkəzində saxlaması, AMEA-da həyata keçirilən islahatlar, gələn il ölkəmizdə keçiriləcək ilk Avropa Olimpiya Oyunları və 2015-ci ildə AMEA-nın 70 illik yubileyinə hazırlıq barədə Serbiya tərəfinə ətraflı məlumat vermiş, SANU-nun rəhbərliyini Azərbaycana səfərə dəvət etmişdir.

Daha sonra nümayəndə heyəti Belqrad Universitetinin rəhbərliyi ilə görüşmüşdür. Görüş zamanı AMEA-nın prezidenti Serbiyanın təhsil sistemi, Universitet ilə AMEA arasında əməkdaşlıq imkanları, gənc nəslin elmə həvəsi ilə maraqlanmışdır.

Nümayəndə heyətimizin üzvləri Serbiyanın elm və incəsənət xadimləri, səfirliyimizin əməkdaşları və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə birgə Azərbaycan hökumətinin dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş Belqrad şəhərinin mərkəzindəki “Taşmaydan” parkında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, xatirəsini ehtiramla yad edərək önünə tər çiçəklər qoymuşlar. Eyni zamanda görkəmli serb yazıçısı Milorad Paviçin də burada ucaldılmış abidəsi və Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirə lövhəsi ziyarət edilmiş və onun üzərinə gül dəstəsi qoyulmuşdur.


Səfər çərçivəsində nümayəndə heyətimiz Serbiyanın ikinci böyük şəhəri, həmçinin elm və mədəniyyət paytaxtı hesab edilən Novi Sad şəhərində olmuş, burada SANU-nun Novi Sad bölməsində elm ictimaiyyəti ilə görüşlər keçirmişlər. Bununla yanaşı, nümayəndə heyətimizin üzvləri Prezidenti cənab İlham Əliyevin bilavasitə təşəbbüsü ilə Azərbaycan hökumətinin dəstəyi əsasında Novi Sad şəhərində Dunay çayının sahilində inşa edilmiş parkdakı “Üzeyir Hacıbəyli Memorial”ını ziyarət etmişlər.


Bununla yanaşı, nümayəndə heyətimizin üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir və bərpa edilmiş Belqrad şəhərindəki “Bayraklı cami” məscid kompleksini və Novi Sad şəhərindəki “Müqəddəs Petka” kilsəsini ziyarət etmişlər.


Nümayəndə heyətimiz, həmçinin səfirliyimizə və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə baş çəkmişlər.


Səfər müddətində nümayəndə heyətimiz Səfir və səfiliyimiz əməkdaşları tərəfindən müşayiət olunmuşlar.