Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB


Dekabrın 5-də
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) Elmi Şuranın növbəti iclası keçirilib. Tədbiri AMEA-nın prezidenti, GGİ-nin direktoru, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib və ilk olaraq “Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsinə dair 2007-2014-cü illər üçün aparılacaq tədqiqatlar üzrə Tədbirlər Proqramı”nın icrasından söz açıb. Akademik neft elminin inkişafı, karbohidrogen yataqlarının istismarı zamanı seysmik risklərin minimuma endirilməsi baxımından  proqramın böyük əhəmiyyət daşıdığını bildirib, bu istiqamətdə aparılan tədqiqatların nəticələrinə nikbinliyini ifadə edib.

Sonra institutun tektonofizika və geomexanika şöbəsinin rəhbəri, AMEA-nın həqiqi üzvü Hətəm Quliyev sözügedən nəticələrdən danışıb. Proqram çərçivəsində başa çatdırılmış işlər geniş müzakirə olunub, suallar cavablandırılıb. 


İclas 2014-cü ildə həyata keçirilmiş elmi-təşkilati işlər üzrə yekun hesabatların müzakirəsi ilə davam edib. AMEA-nın müxbir üzvü Tələt Kəngərli “GİS texnologiyalarının tətbiqi ilə Azərbaycan ərazisində yer qabığının müasir tektonik və geodinamik modellərinin işlənib hazırlanması” və “Böyük Qafqaz kolliziya zonası ilə Mərkəzi Xəzər seysmik zonası arasındakı ərazinin kinematik modeli (geofiziki və kosmik geodeziya məlumatları əsasında)” adlı məruzələr dinlənilib.


Toplantı institut əməkdaşlarının xaricdə keçirilmiş tədbirlərdə iştirakı, kadr məsələləri və nəşrlərə dair çıxışlardan sonra başa çatıb.