Xəbərlər


ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun Elmi Şurasının növbəti iclası keeçirilib. İnstitutun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun sədrlik etdiyi tədbirdə ilk olaraq “Azərbaycan ərazisinin seysmotektonikası və ya qırılma tektonikasına yeni baxış mövzusunda məruzə dinlənilib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin müdiri, geologiya-minerologiya elmlər doktoru Tahir Məmmədli çıxış edərək Yerin təkindəki tektonik proseslərə yeni yanaşma ilə nəzər salıb. Alim dərinliklərdəki yarıqlar və qırılma hadisələri barədə aparmış olduğu tədqiqatların nəticələrini təqdim edib. Yeni məlumatlar məruzəçinin həmkarları tərəfindən böyük maraqla qarşılanıb, suallar cavablandırılıb.

Sonra, 2014-cü ildə başa çatdırılmış elmi-təşkilati işlər müzakirə olunub. “Qazkondensat yataqlarının işlənilmə göstəricilərinə məsaməli mühitin təsirinin eksperimental öyrənilməsi”, “Yer qabığı zəlzələlərinin və böyük dərinliklərin karbohidrogen potensialının tədqiqatlarında geodinamik anomaliyaların modelləşdirilməsi”, “Çox gilli laylara kimyəvi maddə kompozisiya məhlulları və elektrik cərəyanı sahəsi ilə təsir etdikdə baş verən amillərin eksperimental tədqiqi: texnologiyanın işlənilməsi” və “Neftçıxarma prosesinin səmərəsinin artırılmasını təmin edə bilən laya və quyudibi zonasına təsir etmə üsul və texnologiyaların işlənməsi və təkmilləşdirilməsi” mövzuları üzrə icra olunmuş işlərin nəticələrindən bəhs edilib.

İnstitutun şöbə müdiri, akademik Hətəm Quliyevin Beynəlxalq Oksford Akademiya İttifaqının təsisçilərinin yığıncağında iştirakı, həmçinin AMEA-nın müxbir üzvü Əkpər Feyzullayevin rəhbərliyi altında İtaliyanın Florens Universiteti ilə birgə aparılan tədqiqatlar barədə məlumatlar da maraqla qarşılanmışdır. Şuranın iclası digər məsələlərlə davam etmişdir.