Xəbərlər


AZƏRBAYCAN ALİMLƏRİ AVSTRİYAYA SƏFƏR EDƏCƏKLƏR


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun alimləri Avstriyanın paytaxtı Vyanaya səfər edəcəklər. Avropa Geologiya İnttifaqının dəvəti ilə AMEA-nın vitse-prezidenti, institutun direktor müavini, akademik İbrahim Quliyev,  şöbə müdiri AMEA-nın müxbir üzvü Hətəm Quliyev və Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-minerologiya elmləri doktoru Qurban Yetirmişli aprelin 27-dən mayın 2-ə qədər ittifaqın Baş Assambleyasının işində iştirak edəcəklər.

H.Quliyev bildirir ki, tədbirdə Yer elmləri sahəsində, xüsusən də geologiya və geofizika istiqamətlərində əldə olunmuş yeni nəticələrin müzakirəsi keçiriləcək, bir sıra mühüm məsələlərə dair birgə tədqiqatlar aparmaq imkanları araşdırılacaqdır. Geologiya institutunun alimləri Yer planetinin təkamülünün fundamental və praktiki problemləri sahəsində ciddi elmi nailiyyətlər əldə etmişlər və bu nəticələrin müzakirəsi Baş Assambleyanın elmi proqramına daxil edilmişdir. Azərbaycan alimləri mayın 2-də "Sıxlığın dəyişkənliyi - Yerin struktur və tektono-geodinamik təkamülünün fundamental əsası" adlı məruzə ilə çıxış edəcəklər.