Xəbərlər


YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLDİ

 
AMEA Geologiya İnstitutunda Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirildi. Seminarda “Yer təkinin temperaturundan alternativ enerji kimi istifadənin perspektivliyi” mövzusunda məruzə dinlənildi.

Məruzə ilə çıxış edən geologiya üzrə elmlər doktoru, professor Rasim Əliyev dünyada enerji resurslarına olan tələbatın daim artması, karbohidrogen ehtiyatlarının məhdudluğu, istehsal prosesi ilə əlaqədar yaranan texnogen problemlər, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini zəruri etdiyini vurğuladı.

Azərbaycanın zəngin geotermal resurslarının mövcud olduğunu və enerji hasil etmək üçün bu sahəni araşdırmağın zəruriliyini vurğulayan R.Əliyev Yer təkindəki mənbəyindən geotermal enerjini götürərək ötürən istilik nasoslarından istifadənin dünyada ən geniş yayılmış metod olduğunu diqqətə çatdırdı.

İstilik nasoslarının üstünlüklərindən danışan alim bildirdi ki, bu nasoslardan istifadə nəticəsində yaşayış və istehsalat sahələrinin qızdırılması və ya texnoloji istilik məqsədilə istixanalarda istifadəsi, geotermal resurslardan istifadə edərək enerji hasil edilməsi, mövcud temperatur və isti su resurslarının ətraflı öyrənilməsi mümkündür.

Qeyd etdi ki, ABOEM-in Qobustan Tədris Təlim poliqonunda ilk dəfə olaraq 2010-cu ildə istilik nasosu quraşdırılıb. Hazırda respublikada 10-dan artıq pilot layihədə məktəblərin, uşaq evlərinin, tibb məntəqələrinin isti su təchizatı və binaların qızdırılması üçün istilik nasoslarından istifadə edilir. Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.