Xəbərlər


GEOLOQLAR RUSİYADA BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR

 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik İbrahim Quliyev İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində təşkil olunmuş “Qubkinskiye çteniya” adlı Beynəlxalq konfransda iştirak edib. Tədbirin plenar iclasında alimin “Karbohidrogenin bərpa olunan ehtiyatları: fərziyyələr və reallıq” mövzusunda məruzəsi dinlənilib. Məruzədə İbrahim Quliyev və universitetin Neft və qaz axtarışı və kəşfiyyatının nəzəri əsasları kafedrasının müdiri, professor Vaqif Kərimovun müştərək tədqiqatlarının nəticələri öz əksini tapıb.

Konfransda Geologiya İnstitutunun Hövzə modelləşdirilməsi və geotexnologiyaları şöbəsinin kiçik elmi işçisi Əsgərova Rəqsanə isə “Neftçala neftli-qazlı yatağının 3D litofasial modeli” mövzusunda məruzə ilə çıxış edib. Gənc alim ezamiyyət müddətində universitetin Neft və qaz axtarışı və kəşfiyyatının nəzəri əsasları kafedrasında cihaz və avadanlıqlarla da tanış olub.

Alimlərimiz tədbirə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən “Azərbaycan nefti” layihəsinin icrası çərçivəsində qatılıblar.