Xəbərlər


ŞAMAXIDA RADON QAZININ MİQDARI ÖLÇÜLƏCƏK


Azərbaycan və İsveçrə alimləri ölkəmizdə radon qazının miqdarına nəzarət etmək məqsədi ilə  müəyyən ərazilərdə tədqiqatları davam etdirirlər. Bu məqsədlə Cənubi İsveçrənin Tətbiqi Elmlər Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun əməkdaşları aprelin 30-da Şamaxıda ekspedisiya işlərinə başlayacaqlar. Burada müxtəlif tikililərdə radonun qatılığı ölçüləcək, bu qazın miqdarı normadan artıq aşkar olunarsa həmin yerlərdə müəyyən tədbirlər tətbiq olunacaq.

Xatırladaq ki, radon Yer kürəsində geniş yayılmışdır. O, əsasən yerin dərinliklərindəki aktiv tektonik çatlar vasitəsi ilə yerin səthinə çıxır, döşəmələrdəki çatlar, kanalizasiya, su və qaz borularından isə tikililərə sızaraq orada toplanır. Bu qaz normadan çox olduqda uzun illər ərzində ağ ciyər xərçəngi törədə bilir və bu xəstəliyin səbəbləri arasında siqaretdən sonra ikinci yerdədir.

Ekspedisiyanın tədqiqatlarında iştirak etmək istəyən KİV nümayəndələri Geologiya İnstitutu ilə əlaqə saxlaya bilər Ekspedisiya qrupu aprelin 30-da səhər saat 09:00-da Geologiya İnstitutundan yola düşəcəkdir.