Xəbərlər


GEOLOGİYA İNSTİTUTUNDA BAKI DÖVLƏT UNİVERSİTETİNİN KAFEDRASININ FİLİALI YARADILIB


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda Bakı Dövlət Universitetinin “Seysmologiya və yer təkinin fizikası” adlı kafedrasının filialı yaradılıb. İki təşkilatın birgə müqaviləsi əsasında təşkil olunmuş filialda bakalavriat və magistratura səviyyəsində elmi-tədqiqat işləri aparılacaq. Dərslər Geologiya İnstitutunun alimləri tərəfindən keçiriləcək. Müqavilə Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin səlahiyyətlərini icra edən, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə və BDU-nun rektoru, akademik Abel Məhərrəmov tərəfindən imzalanıb.

Filialın təşkilində məqsəd BDU-da tədris prosesinin elmi tədqiqatlarla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq və praktiki bilik vərdişlərinin formalaşdırılması, geologiya elmi sahəsində innovasiyaların tədris prosesində tətbiqi və digər məsələlərdir.

Qeyd olunan müqavilə kadr hazırlığı və elmi tədqiqat sahəsində ümumi maraqlara əsaslanır. Sənədə görə, geologiya elminin müxtəlif istiqamətlərində kadr hazırlığında hər iki tərəf birgə iştirak edəcək. Filialda iki təşkilatın elmi-texniki bazasından və kadr potensialından ümumi istifadə olunacaq. Müqavilədə simpozium, seminar və konfransların birgə təşkili, beynəlxalq layihə və proqramlarda birgə iştirak, elmi əsərlərin və dərs vəsaitlərinin müştərək yazılması da nəzərdə tutulur.