Xəbərlər


AMEA RƏYASƏT HEYƏTİNDƏ İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARI İLİ İLƏ ƏLAQƏLİ MƏRUZƏ DİNLƏNİLMİŞDİR


Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilmişdir. Toplantıda əsas məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında 28 mart 2013-cü il sərəncamı ilə əlaqəli olmuşdur. AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Akif Əlizadə bildirmişdir ki, Tədbirlər Planının müvafiq bəndləri informasiya-kommunikasiya sahəsində araşdırmaların yeni elmi əsaslara və beynəlxalq standartlara müvafiq olaraq aparılması zərurətini meydana gətirmişdir. Akademik həmin araşdırmalarda AMEA-nın üzərinə düşən vəzifələrdən danışmışdır.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev “İnformasiya cəmiyyətinin formalaşmasının multidisiplinar elmi-nəzəri problemləri və onların ölkəmizdə araşdırılması vəziyyəti” adlı məruzə ilə çıxış etmişdir. Akademik A.Əlizadənin göstərişi ilə təşkil olunmuş məruzə ölkədə həyata keçirilmiş informasiya-kommunikasiya islahatları, həmçinin bu sahədə yeni inkişaf mərhələsi ilə əlaqəli xeyli məsələləri əhatə etmişdir.