Xəbərlər


KOSMİK TƏDQİQATLAR AZƏRBAYCAN ƏRAZİSİNİN GEODİNAMİK ŞƏRAİTİNƏ DAİR YENİ MƏLUMATLAR VERİR


Böyük Qafqazın cənub yamacı, Qobustan, Kür çökəkliyi və Naxçıvanda, həmçinin İranla sərhədyanı rayonlarda yer qabığında sıxılma baş verir. Sıxılma zonalarında deformasiyanın maksimum sürəti Xıdırlı və Şıxlar məntəqələri arasındakı ərazidə müşahidə edilir. Bu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun apardığı kosmik geodeziya tədqiqatları əsasında məlum olmuşdur. Tədqiqatlara Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Qədirov rəhbərlik edir. Şöbənin böyük elmi işçisi Rafiq Səfərov institutda təşkil olunmuş ümumrespublika seminarında mövzuya dair məruzə ilə çıxış etmişdir. O, bildirmişdir ki, Geologiya İnstitutu 1998-ci ildən indiyə qədər aparmış olduğu tədqiqatlar əsasında Azərbaycan ərazisinin geodinamik şəraitini əks etdirən deformasiya sürəti xəritəsini tərtib etmişdir. Xəritə GPS (qlobal yertəyinetmə sistemi) texnologiyası ilə təyin olunan sürət vektorları əsasında hazırlanmış və təhlükəli geoloji proseslərin öyrənilməsi üçün əhəmiyyət daşıyır.

Qeyd olunan zonalardakı sıxılma xəritədə oxlarla təsvir olunur. Ölkənin cənubunda oxların kəskin şəkildə şimal-şərq istiqaməti aldığı aydın görünür. Deformasiya sahəsində sıxılma zonaları ilə yanaşı gərilmə və deformasiyanın praktiki olaraq müşahidə olunmadığı və ya çox zəif olduğu ərazilər də özünü büruzə vermişdir. Zəif deformasiya zonalarına Xəzəryanı-Quba rayonu və Qobustanın şimalı aiddir.

Qeyd edək ki, Geologiya İnstitutunun alimləri peyk vasitəsi ilə yerin dərinliklərində baş verən deformasiya proseslərini və onların törətdiyi geoloji  hadisələri izləyir. Bu, 1998-ci ildə ABŞ-ın Massaçusets Texnologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində qurulmuş GPS şəbəkəsi sayəsində mümkün olmuşdur. Şəbəkədə hazırda 36 GPS məntəqəsi və davamlı qaydada ölçü aparan 3 stansiya mövcuddur. Stansiyalar Bakı, Şəki və Neftçalada yerləşir. GPS ilə aparılan tədqiqatlar yalnız Azərbaycanı deyil, qonşu əraziləri də əhatə edir. Tədqiqatlardan məqsəd təbiət hadisələrinin təhlükələrinin qiymətləndirilməsidir.