Xəbərlər


GEOLOGİYA İNSTİTUTU MƏKTƏBLİLƏR ÜÇÜN OLİMPİADA KEÇİRİR


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Gənc Alimlər Şurası Bakı üzrə orta məktəb şagirdləri arasında “Dünya gələcək geoloqların gözü ilə” mövzusunda olimpiada təşkil edir. Məqsəd məktəblilərin gələcəkdə təhsil sahəsi seçimində Yer elmlərinə maraq göstərmələrini stimullaşdırmaqdır.  Olimpiada 8-11-ci sinif şagirdləri arasında keçirilir.

Olimpiadanın birinci mərhələsində institutun alimləri məktəbliləri geologiya elmi, o cümlədən vulkan, zəlzələ, sürüşmə, neft, qaz və yeraltı sulara dair bilgilərlə tanış edəcək. İkinci mərhələdə şagirdlər Yer elmlərinin müxtəlif istiqamətlərində yazılı məruzələr hazırlamalı və münsiflər heyətinə təqdim etməlidirlər. Münsiflər heyətinə Geologiya İnstitutunun alimləri və məktəb müəllimləri daxildir.

Olimpiadanın ikinci mərhələsi fevralın 1-də başlayacaq. Həmin tarixdən şagirdlər Yer elmlərinin müxtəlif istiqamətlərində yazılı məruzələr hazırlamalı və ayın 20-nə qədər münsiflər heyətinə təqdim etməlidirlər. Təqdim olunan işlərin qiymətləndirilməsi martın 2-də başa çatacaq.

Üçüncü mərhələdə martın 5-də münsiflər heyəti qalibləri müəyyənləşdirəcək. Qaliblərin işləri diplom, sertifikat və həvəsləndirici mükafatlarla qiymətləndiriləcək. AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə bildirir ki, bu cür olimpiadalar şagirdlər arasında elmi biliklərə həvəsi artıra, məktəblilərin potensialını və istedadını inkişaf etdirə bilər.