Xəbərlər


AMEA GEOLOGİYA İNSTİTUTU MDB-də ƏLAQƏLƏRİNİ GENİŞLƏNDİRİR


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)  Geologiya İnstitutu Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) Dəniz Geologiyası və Çöküntü-Filiz Əmələgəlməsi Bölməsi ilə əməkdaşlıq müqaviləsi imzalamışdır. Sənəddə palçıq vulkanizmi, neft-qazlılıq, petrologiya, geodinamika, hidrogeologiya və digər sahələrdə birgə tədqiqatlar aparmaq, həmçinin təcrübə mübadiləsi qurmaq nəzərdə tutulur. Müqavilə AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə ilə Ukraynadakı qurumun rəhbəri akademik Yevgeniy Şnyukov tərəfindən imzalanmışdır.

Ukraynanın adıçəkilən elmi-tədqiqat bölməsində Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev “Azərbaycanın palçıq vulkanları: paylanma qanunauyğunluqları, tektonika və zəlzələlərlə əlaqə” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə böyük maraqla qarşılanmışdır. Müqavilədə 2013-cü ildə qarşılıqlı işgüzar səfərlərin həyata keçirilməsi nəzərdə tutulur. Səfərlər zamanı alimlər qarşı tərəfin elmi nailiyyətləri ilə tanış olacaq və şərikli elmi ekspedisiyalarda iştirak edəcəklər.

Akademik A.Əlizadə qeyd edir ki, sözügedən sənəd 2011-ci ildə Rusiya Elmlər Akademiyası Geologiya İnstitutu ilə əldə olunmuş razılaşmadan sonra institutun MDB çərçivəsində imzaladığı ikinci müqavilədir.

A.Əliyev UMEA-nın Yer Elmləri Bölməsi, həmçinin Geofizika və Geologiya institutlarının rəhbərləri ilə də görüşmüşdür. Görüşlərdə həmin qurumlarla AMEA Geologiya İnstitutu arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilmiş, müəyyən istiqamətlərdə müştərək tədqiqatlar aparmaq barədə şifahi razılıqlar əldə olunmuşdur.