Xəbərlər


GEOLOGİYA İNSTİTUTUNUN 8 LAYİHƏSİ QRANT MÜKAFATI ALMIŞDIR


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun 8 layihəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən qrant mükafatına layiq görülmüşdür. Layihələr neftin tektonik proseslər və radioekoloji durumla əlaqələri, neft və qaz axtarışında müasir üsullar, proqnozlar və digər mühüm tədqiqat mövzularını əhatə edir.

Oktyabrın 9-da Bakı Biznes Mərkəzində qrant müsabiqəsinin yekunlarına həsr olunmuş tədbirdə müsabiqənin ümumən 24 qalib layihəsinin rəhbərləri, o cümlədən Geologiya İnstitutunun alimləri iştirak etmişlər.

AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə institutun layihələrinin qrant mükafatlarına layiq görülməsini  neft-qaz istiqamətindəki tədqiqatlara mühüm dövlət dəstəyi kimi qiymətləndirir. Akademik sözügedən fondun təşkil olunmasını Azərbaycan elminin inkişafına əvəzsiz töhfə hesab edir.

Xatırladaq ki, ARDNŞ-ın Elm Fondu Prezident İlham Əliyevin təşəbbüsü ilə 26 may 2011-ci ildə təsis edilmişdir. Məqsəd AMEA-da fundamental və təcrübi elmlər istiqamətlərini inkişaf etdirmək olmuşdur.