Xəbərlər


AZƏRBAYCANDA İNSTRUMENTAL SEYSMİK MÜŞAHİDƏLƏRİN 110 İLLİYİNƏ HƏSR OLUNAN BEYNƏLXALQ KONFRANSDA 20-DƏN ÇOX ÖLKƏ İŞTİRAK EDƏCƏK


“Seysmiklik, zəlzələlərin proqnozu, seysmik tikinti dayanıqlığı” mövzusunda V Beynəlxalq Konfransın hazırlıq işləri davam edir. Azərbaycanda Şamaxı zəlzələsindən sonra başlanmış instrumental seysmik müşahidələrin 110 illiyinə həsr olunan tədbir bu il 7-12 oktyabr tarixində Bakıda Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən keçiriləcək. Konfransda ABŞ, Avropa və MDB daxil olmaqla ümumən 20-dən çox ölkənin mütəxəssisləri, həmçinin Azərbaycanın dövlət rəsmiləri iştirak edəcəklər.

Qeyd edək ki, 1902-ci ildə Şamaxı zəlzələsindən sonra Azərbaycanda ilk dəfə Şamaxıda, bir az sonra Bakının neft mədənləri yaxınlığında – Balaxanıda  Nobel qardaşlarının təşəbbüsü ilə 3 seysmik stansiya qurulub. Bu mənada alimlərimiz diqqəti ölkə ərazisində seysmik proseslərin inkişaf tarixinə də yönəldəcək, keçmiş və müasir elmi tədqiqatların nəticələrindən bəhs edəcəklər.

Konfransla bağlı məqalələr RSXM-in “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələrin  kataloqu” elmi jurnalının yeni sayında toplanılacaq və jurnal tədbir iştirakçılarına təqdim olunacaq. Məqalələr jurnalın www.seismology.az/journal internet saytında da yerləşdiriləcək.

Beynəlxalq tədbirin məramı və planı barədə ətraflı məlumat oktyabrın əvvəlində keçirilməsi nəzərdə tutulan mətbuat konfransında veriləcək.