Xəbərlər


GEOLOGİYA İNSTİTUTUNUN ALİMLƏRİ GEOKİMYƏVİ TƏDQİQATLAR MƏRKƏZİ TƏŞKİL EDİR


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun “Azərbaycan nefti” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən 1 milyon manatlıq qrant mükafatına layiq görülmüşdür. İnstitutun alimləri layihə çərçivəsində Geokimyəvi Tədqiqatlar Mərkəzi təşkil etməyi nəzərdə tuturlar. Burada qurulacaq geokimyəvi laboratoriyada neftlə əlaqəli xromata-kütlə spektrometriyası, termiki analiz, kalorimetriya, termoqravimetriya, element analizi, dinamik işıq paylanması və digər üsullarla tədqiqatlar aparılacaq. Bu işlər üçün İsveçrənin “Perkin Elmer” şirkətindən müasir elmi-tədqiqat avadanlıqları alınacaq.

AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə bildirir ki, neftin mənşəyi ilə bağlı bir çox elmi məsələ geokimyəvi tədqiqatların həll olunmamış və aktual mövzuları olaraq qalır. Bunu ötən ay Bakıda keçirilmiş “Böyük dərinliklərin karbohidrogen potensialı: gələcəyin enerji resursları – reallıq və proqnoz” adlı birinci Beynəlxalq konfransdakı çıxışlar da sübut etmişdir. Akademik hesab edir ki, Geokimyəvi Tədqiqatlar Mərkəzi geologiya elmindəki bu sədləri aşmaq istiqamətində mühüm töhfələr verə bilər.

İnstitut adıçəkilən mərkəzin vasitəsi ilə gənc alimlərin xarici elmi qurumlardakı neft geologiyası üzrə treninqlərdə iştirakını təmin etməyi də nəzərdə tutur.