Xəbərlər


AZƏRBAYCAN VƏ İTALİYA ALİMLƏRİ ABŞERONDA GEODİNAMİK VƏZİYYƏTƏ DAİR TƏDQİQATLAR APARMAĞI PLANLAŞDIRIRLAR


 Azərbaycan və İtaliya alimləri Abşeronun geodinamik prosesləri və seysmik təhlükələri istiqamətində birgə tədqiqat aparmaq niyyətindədir. Bununla əlaqədar olaraq, İtaliyanın Milli Tədqiqat Şurasının (İMTŞ) Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutunun departament rəhbəri professor Luçiano Selesta Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutuna gəlib. Qonaq institutun direktoru akademik Akif Əlizadə və digər alimlərlə görüşüb. Görüş zamanı iki təşkilat arasında əməkdaşlıq imkanları müzakirə edilib.



Geologiya İnstitutunun geodinamika və seysmologiya söbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü professor Fəxrəddin Qədirov və aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi Qulam Babayev italiyalı mütəxəssisə institutda aparılmış müvafiq tədqiqatların nəticələri və nəzərdə tutulmuş planlardan ətraflı məlumat veriblər. Abşeron yarımadasında seysmik təhlükənin qiymətləndirilməsi, seysmik monitorinqin üsulları, GPS (kosmik yertəyinetmə sistemi) tədqiqatların nəticələri müzakirə olunub.

L.Selesta institutda aparılan və gələcəkdə nəzərdə tutulan tədqiqatları müsbət qiymətləndirib və bu işlərin müştərək davam etdirilməsini məqsədəuyğun hesab edib. Qonaq iyulun 7-nə qədər azərbaycanlı həmkarlarının təcrübəsi ilə daha yaxından tanış olacaq və çöl tədqiqatlarında iştirak edəcək.
Görüş 2011-ci ilin yayında AMEA ilə İMTŞ arasında bağlanmış elmi əməkdaşlıq müqaviləsi çərçivəsində təşkil olunub.