Xəbərlər


“BÖYÜK DƏRİNLİKLƏRİN KARBOHİDROGEN POTENSİALI: GƏLƏCƏYİN ENERJİ RESURSLARI - REALLIQ VƏ PROQNOZ” MÖVZUSUNDA I BEYNƏLXALQ KONFRANS ÖZ İŞİNƏ BAŞLADI


Bu gün AMEA-nın Əsas binasında AMEA Geologiya İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası, Rusiya Elmlər Akademiyası (REA) Neft və Qaz Problemləri İnstitutu və İ.M.Qubkin adına Rusiya Dövlət Neft - Qaz Universitetinin birgə təşkilatçılığı ilə “Böyük dərinliklərin karbohidrogen potensialı: gələcəyin enerji resursları - reallıq və proqnoz” mövzusunda I beynəlxalq konfrans öz işinə başladı.


Tədbirdə ABŞ, İngiltərə, Rusiya, Fransa, Almaniya və digər ölkələrin alim və mütəxəssisləri iştirak edirdilər.


Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, AMEA Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə dünyada bu mövzuda ilk dəfə təşkil olunan konfransın Azərbaycanda keçirilməsini yüksək qiymətləndirdi. O bildirdi ki, dünyada ilk dəfə 1846-cı ildə Bibiheybətdə sənaye üsulu ilə başlayan neft istehsalı, o vaxtdan bu günə qədər ölkə iqtisadiyyatının inkişafında əsaslı rol oynamaqda davam edib. Azərbaycan neft hasilatı və kəşfiyyatı tarixində önəmli yer tutur.


Konfransın keçirilməsində məqsədin dünyadakı hövzələrin, o cümlədən Cənubi Xəzərin daha dərin qatlarında neft yataqlarının axtarışı sahəsində imkanları müzakirə etmək və elmi təcrübəni bölüşmək olduğunu söyləyən A.Əlizadə rəhbərlik etdiyi elm müəssisəsində həyata keçirilən fundamental və tətbiqi problemlər sahəsindəki tədqiqatlar və digər məsələlərdən də söz açdı.


Tədbirdə çıxış edən akademiklər İsmayıl İbrahimov və Siyavuş Qarayev keçirilən tədbirin önəmliyini vurğuladılar, konfransın işinə uğurlar arzuladılar.


Tədbirdə akademik Xoşbəxt Yusifzadə “Karbohidrogen resurslarının qiymətləndirilməsi və Cənubi Xəzərin neft-qazlılığının perspektivliyi”, akademik İbrahim Quliyev “Böyük dərinliklərin karbohidrogenləri: axtarış metodlarının təkmilləşmə yolları”, A.N.Dmitriyevski (REA-nın Neft-Qaz Problemləri İnstitutu) “Yerin qlobal enerji mənbələri və nəhəng neft-qaz yataqlarının formalaşma mexanizmi”, V.Q.Martınov (İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universiteti) “Böyük dərinliklərdə karbohidrogen sistemlərinin formalaşma xüsusiyyətləri”, V.Qurbanov “Kristallik bünövrə ilə əlaqədar Cənubi-Xəzər meqaçökəkliyində böyük dərinliklərin neft-qazlılıq perspektivləri” mövzusunda məruzələrlə çıxış etdilər.


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “bp” tərəfindən maliyyələşdirilən konfrans öz işini 14 iyun tarixədək davam etdirəcəkdir.

www.science.gov.az