Xəbərlər


Azərbaycan beynəlxalq geodeziya və geofizika komitəsinə daimi üzv seçilmişdir


Avstraliyanın Melburn şəhərində Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (BGGİ) 25-ci Baş Assambleyasının “Yer təhlükə ilə üz-üzə: Dayanıqlı planet naminə elm” mövzusunda toplantısı keçirilir. İyunun 28-də başlamış tədbirdə 28 ölkə, o cümlədən ABŞ, Braziliya, İtaliya, Fransa Danimarka, Rusiya, Türkiyə, Azərbaycan, Çin, Yaponiya və digər dövlətlərin nümayəndələri iştirak edir. Ölkəmizi toplantıda Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində təsis edilmiş Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin (AMGGK) baş katibi, Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin aparıcı elmi işçisi, Gənc Alimlər Şurasının sədri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Qulam Babayev təmsil edir.

İyulun 7-nə qədər davam edəcək tədbirin ilk günlərində Azərbaycan Respublikası 28 ölkənin yekdilliklə səs verməsi ilə BGGİ-nin daimi üzvü seçilmişdir.


Q.Babayev bildirir ki, AMGGK indiyəcən ittifaqın tam hüquqlu üzvü olmadığına görə təşkilatın tədbirlərində iştirakı məhdud idi və səs vermə hüququna malik deyildi.


O, tədbirin “Gənc Alimlər: tədqiqatlar və nəticələr” adlı bölməsində “Geologiya İnstitutunun və Azərbaycan Milli Məlumat Mərkəzinin məlumat bazasının əsasında Azərbaycanda seysmik monitorinq” adlı məruzə ilə çıxış etmişdir. Q.Babayev və Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü professor Fəxrəddin Qədirov tərəfindən birgə hazırlamış olduqları məruzə böyük maraqla qarşılanmışdır.
 

Məlumatı Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidməti yaymışdır.