Xəbərlər


“Azərbaycan Respublikası ərazisinin müasir geodinamik şəraiti, gərginlik bölgələri və geoloji təhlükələr” mövzusunda seminar keçirildi


Bu gün AMEA Geologiya İnstitutunda “Azərbaycan Respublikası ərazisinin müasir geodinamik şəraiti, gərginlik bölgələri və geoloji təhlükələr” mövzusunda seminar keçirildi.


Tədbirdə AR Dövlət Neft Şirkəti, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələri, BP və ölkəmizdə fəaliyyət göstərən digər xarici təşkilatların mütəxəssisləri iştirak edirdilər.


Seminarı giriş sözü ilə açan institutun direktoru, akademik Akif Əlizadə keçirilən seminarın önəmliyindən söz açdı, rəhbərlik etdiyi elm ocağının beynəlxalq əlaqələrinin genişləndirildiyini bildirdi. O, iki ölkə arasındakı qarşılıqlı elmi və mədəni əlaqələrin gücləndirilməsi, bu münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı.




ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun Yer Atmosfer və Planet Elmləri Bölməsinin əməkdaşı Robert Reilinger “Ərəbistan -Avroasiya toqquşması və Abşeron yarımadası Abşeron yarımadası ətraflarının yer qabığının gərginliyi” və H.Sadi Kuleli “Seysmik tomoqrafiya, Azərbaycanın və onu əhatə edən sahələrin yer qabığı quruluşunun tədqiqatları” mövzusunda məruzələrlə çıxış etdilər.






Seminarda AMEA Geologiya İnstitutu və ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri ölkəmizdə 13 il ərzində aparılmış seysmik təhlükələrə dair monitorinqlərin nəticələrini açıqladılar, geodinamik vəziyyətə dair yeni məlumatlar verdilər.


Sonda qonaqlar iştirakçıları maraqlandıran sualları cavablandırdılar.



Qeyd edək ki, 1998-ci ildə Azərbaycan ərazisində birgə monitorinqlərə başlayan bu iki qurum indiyədək vaxtaşırı ölçmələr aparmaq üçün 36 müşahidə nöqtəsi təşkil etmiş, Bakı, Şəki və Neftçalada isə daim ölçmələr aparan 3 monitorinq stansiyası quraşdırmışlar.


www.science.gov.az