Xəbərlər


Geologiya İnstitutunun tədqiqatlarinin nəticələri Vyanada nümayiş etdirilir


Avstriyanın paytaxtı Vyanada Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Edilməsi üzrə Müqavilə Təşkilatı (NSHQMT) tərəfindən “Elm və Texnologiya 2011” adlı beynəlxalq konfrans-sərgi keçirilir. İyunun 8-də başlamış tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun “Seysmik təhlükənin qiymətləndirilməsi baxımından Azərbaycanda seysmik monitorinqin aparılması” mövzusu üzrə tədqiqatlarının nəticələri də nümayiş etdirilir.


Dünyanın 500-dən çox aliminin toplaşdığı konfrans-sərgidə seysmologiya, nüvə tədqiqatları, geodinamika və digər sahələrə aid çıxışlar dinlənilmişdir. Geologiya İnstitutuna məxsus təqdimat materiallarının müəllifləri geodinamika və seysmologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Qədirov və aparıcı elmi işçisi, Gənc Alimlər Şurasının sədri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Qulam Babayevdir. İkincinin çıxışı əsasında təqdim olunan tədqiqatlar və nəticələr tədbir iştirakçılarının, xüsusən də Yaponiya alimlərinin böyük marağına səbəb olmuşdur.





Beynəlxalq tədbirin keçirilməsindən məqsəd NSHQMT-nin dünyadakı bütün milli məlumat mərkəzləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, dünyanın nüfuzlu elm təşkilatlarının təcrübəsindən daha çox yararlanmaq və Yer haqqında elmlərin dünya miqyasında irəliləyişinə səbəb olmaqdır. Beynəlxalq konfrans-sərgi bu gün öz işini başa vurur.


Məlumatı Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidməti yaymışdır.