Xəbərlər


Azərbaycan geoloqlari Rusiyanin Elmlər Akademiyasinda məruzələrlə çixiş etmişlər


REA Geologiya İnstitutunun Elmi Şurasının təşkil etdiyi toplantının mövzusu “Qafqaz regionunun müasir geodinamikası, flüid rejimi və neftqazlılığı” olmuşdur. Tədbirdə AMEA Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti məruzələrlə çıxış etmiş, institutda mövzu üzrə aparılmış tədqiqatların nəticələrindən danışmışdır. Akademiklər Arif İsmayılzadə, İbrahim Quliyev, AMEA-nın müxbir üzvləri Fəxrəddin Qədirov, Pərviz Məmmədov, geologiya-mineralogiya elmləri doktoru Elmira Əliyeva və geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Dadaş Hüseynovun çıxışları toplantı iştirakçılarının böyük marağına səbəb olmuşdur.

 
Məruzələrdən sonra azərbaycanlı alimlər rusiyalı həmkarlarını maraqlandıran sualları cavablandırmışlar. Toplantıda Rusiyanın digər elm və təhsil müəssisələrinin nümayəndələri də iştirak etmişlər.


Sonda Elmi Şura protokol imzalamışdır. Sənəddə məruzələrin araşdırıcılıq baxımından yüksək səviyyədə olduğu, çoxlu sayda yeni məlumatlarla zənginliyi xüsusi qeyd edilir. Protokolda birgə layihə, seminar, konfrans və digər tədbirlər həyata keçirməyin önəmliliyi də vurğulanır.


Akademik A.Əlizadə rusiyalı geoloqlara AMEA Geologiya İnstitutunda son illər çap etdirdiyi “Azərbaycanın geologiyası”, “Azərbaycan mineralları” və “Azərbaycanın geoloji Xəritəsi” adlı nəşrlərini hədiyyə etmişdir. REA Geologiya İnstitutunun direktoru akademik Mixail Fedonkin da borclu qalmayaraq rusiyalı alimlərin kitab və digər materiallarını azərbaycanlı həmkarına təqdim etmişdir.


Səfər çərçivəsində hər iki institutun direktoru müqavilə də imzalamışlar. Sənədə əsasən Rusiya və Azərbaycan alimləri Qafqazın müasir geodinamikası, regionda vulkanların və geodinamik proseslərin ən son durumu, 7-14 kilometrlik dərinliklərin neftqazlılığı və karbohidrogen potensialı, yeraltı sular və geoinformatika sistemi ilə əlaqəli müştərək tədqiqatlar aparacaq.




 
Məlumatı Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidməti yaymışdır.