GİA

ÖLKƏMİZDƏ FÖVQƏLADƏ VƏZİYYƏTLƏRİN YARANMASI REALLIĞI


24 sentyabr 2020-ci il

Azərbaycan ərazisində iri beynəlxalq və regional layihələr sürətlə reallaşdırılır. Bu və digər təbii proseslər nəticəsində anomal hadisələrin tezliyi və dəyişmə diapazonu artır, bu da öz növbəsində ölkəmizin ərazisində xüsusi təhlükəli fövqəladə vəziyyətlərin yaranmasına səbəb olur. Baş verən təbii fəlakətlərlə və insan fəaliyyəti nəticəsində təbii və texnogen xarakterli fövqəladə vəziyyətlərin intensivliyinin artması ilə müşayiət olunan hadisələrin araşdırılması, nəticələr və lazımi təbirlərlə bağlı Azərbaycan Fövqəladə Hallar Nazirliyi “İnfrastrukturun İnkişafı” Baş İdarəsinin sabiq rəisi, AMEA Geologiya və Geofizika İnstitutu direktorunun köməkçisi Tariel Hüseynovla müsahibəni oxuculara təqdim edirik.




- 2000-ci ildə ölkəmizdə baş vermiş zəlzələdən sonra son zamanlar "Bayıl sürüşməsi" termini daha çox hallanır. Bu sahədə tədbirlər və onun faydası barədə nə demək olar?

- Əvvəlcə Bayıl sürüşməsinin tarixçəsinə dair bir neçə söz demək istərdim. Bu sürüşməyə dair ilk məlumatlar 1895-ci ilə təsadüf edir. Bayıl yamacında sürüşmə prosesləri XIX əsrdə başlamış və 1847, 1877, 1919, 1927, 1929, 1932, 1936, 1938, 1940, 1950, 1953, 1968-1969, 1973-74, 1996 və 2000 -ci illərdə aktivləşmişdir. Bu rəqəmləri ona görə xatırlatdım ki, burada aktivləşmənin sonu olmadığını və problemin kökündən həllinin vacibliyini vurğulayım. Doğrudur, Bayıl yamacı üçün kifayət qədər primitiv səviyyədə məkan parametrləri, sürüşmə zonasının vəziyyəti, qrunt sularının səviyyəsi, süzmə axınının istiqaməti və sürətinin qiymətləndirilməsi, sürüşmə kütlələrinin fiziki-mexaniki xassələri kimi mühəndisi-geoloji şərait və digər cəhətlər öyrənilmişdir...Həqiqət isə budur ki, bu tədbirlər olduqca yetərsizdir.Texnologiyaların inkişafının müasir səviyyəsi tamamilə başqa yanaşma tələb edir.

- Məsələn?

- Belə ki, sürüşmə rayonlarının marşrut-vizual müayinəsi ilə yanaşı lazer və lidar çəkilişləri avadanlıqları ilə Yerin məsafədən zondlama məlumatlarından istifadə etməklə sürüşmənin mümkün inkişafını proqnozlaşdırmaq və sürüşməyə qarşı tədbirlərin işlənib hazırlanması üçün sürüşmə prosesinin dinamikasının uzunmüddətli monitorinq tədqiqatları aparılmır. Real vaxt rejimində xüsusi vericilərlə (ekstenzometrlər, inklinometrlər, pyezometrlər, geofonlar və s.) və sürüşmə təhlükəsi haqqında müvafiq erkən xəbərdaretmə qurğuları ilə təchiz edilmiş avtomatik nəzarət sistemlərindən istifadə edilmir və s. Bir sozlə müasir elmin son nailiyyətlərindən istifadə etməklə monitorinq vasitələrinin kökündən təkmillməsinə yanaşma prinsipinə kecməyin vaxtı catmisdir.



İkinci mühüm amil – tədqiqat aparan ayrı-ayrı təşkilatlar arasında əlaqələndirmənin olmamasıdır. Bu problem və onun həlli ilə Nazirlər Kabinetinin müvafiq bölmələrinin rəhbərliyi ilə iki dövlət strukturu – Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul olur. Paralel olaraq daimi əlaqələri olmayan və aralıq nəticələri müzakirə etməyən bir neçə qrup işləyir. Xaricdən mütəxəssislər dəvət edilir ki, onlar da öz rəylərini bizim materiallarımız əsasında verirlər. Amma bizim regiona aid geologiyaya dair məsələlərin müzakirəsi və xüsusən də qərarlar qəbul edilməsi zamanı azərbaycanlı ekspertlərin iştirakı və fikriləri həlledici olmalıdır.

- Ölkəmizdə təbii xarakterli fövqəladə hallar nə dərəcədə təhlükəlidir?

- Azərbaycan ərazisində 30-dan çox təhlükəli təbiət hadisəsi baş verir. Onlardan zəlzələ, sürüşmə, sel, daşqın, quraqlıq, meşə yanğınları, palçıq vulkanları, güclü şaxta və qasırğalar, yoluxucu xəstəliklər ən çox təhlükə mənbələridir. Ölkəmizin ərazisinin xeyli hissəsi dağlıq ərazi olduğuna görə, güclü seysmoaktiv zonada yerləşdiyindən və ölkədə intensiv həyat fəaliyyəti, böyük həcmli layihələr həyata keçirildiyini nəzərə alsaq bu təhlükələri hər an gözləmək mümkündür. 2010-cu ildə Kür və Araz çaylarının daşması, 2012-ci ildə Zaqatala və Balakən rayonlarında güclü zəlzələnin baş verməsi və s. buna əyani misaldır. Respublika alimlərinin və müxtəlif qurumlardan olan mütəxəssislərin araşdırmalarına görə hidrotexniki qurğularda, neft-qaz infrastruktur obyektlərində, istismar tələlərinin pozulması halları, ərazilərin mühafizəsinə və insanların sağlamlığına ziyan verə bilən çoxsaylı faktlar mövcuddur. Ölkədə Kür və Araz çaylarında vaxtaşırı baş verən subasmalarla yanaşı, dağ çaylarının yaratdığı sellər və daşqınlar ciddi təhlükə mənbəyi olaraq qalır və ölkə iqtisadiyyatına külli miqdarda ziyan vurur.
Respublika ərazisində magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların mühafizə zonalarında və eyni zamanda geoloji cəhətdən təhlükəli zonalarda qanunsuz şəkildə yaşayış evlərinin və sosial obyektlərin tikintisi faktları mövcuddur. Palçıq vulkanlarının fəaliyyəti nəzərə alınmadan aparılan işlər ciddi təhlükələr yaratmaqdadır. 2015-ci ildə Masazır qəsəbəsində fərdiyaşayış evinin dağılması və insanların xəsarət alması ilə nəticələnən partlayış baş vermişdi.Geoloji ölçmələr nəticəsində məlum olmuşdur ki, 100-dən çox yaşayış evi yerləşən və 7 ha sahəni əhatə edən ekstremal zonada metan qazının miqdarı 81%-ə çatır. Bu zona partlayış və yanğın təhlükəli sahə olduğundan burada insanların yaşaması son dərəcə təhlükəli hesab olunur. Aşkar edilmiş tektonik qırılmaların davamı istiqamətində Keyrəki və Böyükdağ palçıq vulkanlarının yerləşdiyini nəzərə alaraq, çox böyük ehtimalla ərazidə metan qazı sızmalarına bu vulkanların da təsiri istisna olunmur. Palçıq vulkanlarına yaxın ərazilərdə sənaye obyektlərinin inşası böyük diqqət tələb edir. Belə ki, 2017-ci ildə Abşeron yarımadasında “Otmanbozdağ” adlı palçıq vulkanının güclü partlayışla müşahidə olunan püskürməsi nəticəsində, yer səthinə çıxan böyük qalınlıqlı vulkan məhsulu (brekçiya) 10 ha sahəni əhatə etmiş, alov sütununun hündürlüyü 300 metrə çatmışdır.Qeyd olunan vulkanın Sanqaçal terminalının yaxınlığında və Bakı-Tibilisi-Ceyhan boru xəttinin bir hissəsinin bu vulkanın paleokrater ərazisində yerləşdiyini və eyni zamanda digər aktiv palçıq vulkanlarına yaxın ərazilərdən keçdiyini real təhlükə mənbəyi hesab etmək olar.

Bu cür misalların sayını xeyli artırmaq mümkündür. Son illərdə yerinə yetirilən elmi-tədqiqat işləri belə nəticəyə gətirib ki, Azərbaycan ərazisində müşahidə olunan müasir seysmogeodinamik şərait palçıq vulkanlarının və zəlzələlərin aktivləşməsinə birbaşa təsir etməkdədir.

- Hələ texnogen təhlükələr də mövcuddur...

- Bəli. Araşdırılmalar zamanı hidrotexniki qurğuların əksəriyyətinin vəziyyətinin qənaətbəxş olmadığı, bəzi qurğuların təhlükəli vəziyyətdə istismar olunduğu aşkar edilmişdir. Hidrotexniki qurğular həm təhlükə potensiallı, həm də strateji obyektlər siyahısına daxil olduğundan, onların təhlükəsiz istismarı son dərəcə mühüm əhəmiyyət kəsb edir. 1983-cü ildə istifadəyə verilmiş Şəmkir hidroqovşağının qəza sutullayıcı qurğusunun beton konstruksiyalarının dağılması nəticəsində 2003-cü ildən indiyədək sutullayıcı qurğuda sızma prosesi davam edir və bu səbəbdən Şəmkir su anbarının imkanlarından tam şəkildə istifadə olunması mümkün deyildir.Yuxarı Qarabağ kanalının suqəbuledicisi və tunelin başlıq hissəsi potensial sürüşmə sahəsində yerləşir.



Azərbaycan İstilik Elektrik Stansiyasını texniki su ilə təmin edən Mingəçevir su anbarının kompleksinə daxil Yuxarı Qrabağ kanalının suqəbuledicisi və tunelin başlıq hissəsi potensial sürüşmə zonasında yerləşir. Qurğunun istismarı Mingəçevir su anbarına və bəndinə ciddi təsir edir, orada baş verə biləcək nasazlıq böyük fəsadlarla nəticələnəcək qəzaların yaranmasına səbəb ola bilər. Varvara su anbarı layihədə nəzərdə tutulmuş normadan artıq lillənmə nəticəsində öz funksiyasını demək olar ki, itirmişdir. Torpaq bəndlərdə filtrasiyanın artması və su sızmasının normadan dəfələrlə yüksək olması bəndin dağılmasına, sutullayıcının çıxışında yuyulma nəticəsində sudöyən qurğuda beton konstruksiyaların dağılmasına səbəb ola bilər və daşqınlar zamanı fəlakətli qəza baş verə bilər.

Eyni zamanda Mingəçevir şəhərinin ərazisində Kür çayının məcrasında fəaliyyət göstərən qum hasil edən karxanalarda istismar norma və qaydalarına əməl edilməməsi nəticəsində yaranmış təhlükəli vəziyyət davam etməkdədir.Əgər Mingəçevir şəhəri ətrafında qum hasilatı işləri indiki sürətlə davam edərsə yaxın gələcəkdə, karxanalara yaxın sahələrdə yerləşən yaşayış və digər obyektlərin, Kür çayı üzərindən keçən avtomobil və dəmir yolu körpülərinin dayanıqlığına və texniki təhlükəsizliyinə təminat azala bilər. Eyni zamanda yaxın ərazilərdən böyük həcmdə qum kütləsinin götürülməsi nəticəsində Kür çayı öz məcrasını yaşayış məntəqələri istiqamətində də dəyişə bilər.

Ceyranbatan su anbarının Bakı, Sumqayıt, Xırdalan şəhərlərinin və Abşeron rayonunun əhalisinin içməli su ilə təchiz etdiyini və onun dağıdıcı dalğasının təsir zonasında çoxlu sayda yaşayış binalarının, sənaye və sosial obyektlərin yerləşdiyini nəzərə alaraq bu obyektdə baş verə biləcək qəza böyük sayda insan itkisi və dağıntıya səbəb ola bilər.Qeyd olunan obyektlərdə bəzi hidrotexniki qurğular 50 ildən artıq istismar olunduğundan onların təhlükəsizliyinin təyin olunması üçün kompleks və çox faktorlu analizlərin və xüsusi tədqiqatların aparılması tələb olunur.

- Tariel müəllim, mütəxəssislərin sözlərinə görə, respublikamızda neft-qaz infrastruktur obyektlərində mövcud olan və İnsan fəaliyyəti nəticəsində çirklənmiş ərazilərin yaratdığı təhlükələr də az deyil.

- Respublika ərazisində təbii qazın emalı, təchizatı və istehlakı sahəsində bir sıra nöqsan və qanun pozuntuları aşkar edilmişdir. Aparılan araşdırmalar nəticəsində əhaliyə verilən təbii məişət qazının tərkibində müvafiq normativ sənədlərin tələblərinə uyğun olmayan, yanmayan qaz qarışıqlarının, eləcə də ağır karbohidrogen qatışıqlarının olması, ARDNŞ-ın tabeliyində olan qurumlara məxsus qazpaylama stansiyalarında təbii qazın təmizlənməsi, tənzimlənməsi və paylanması məqsədi ilə istismarda olan qurğu və avadanlıqların bəzilərinin köhnə olması, müasir tələbələrə cavab verməməsi halları mövcuddur. Baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün müəyyən tədbirlər həyata keçirilməsinə baxmayaraq, qaz sızması ilə əlaqədar partlayış (yanğın) hadisələrinin, eləcə də çoxsaylı ölümlə nəticələnən dəm qazından zəhərlənmə hallarının baş verməsi davam etməkdədir. Neft ehtiyatları tükəndiyi və quyuların istismarı məqsədəuyğun olmadığı üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti bəzi torpaq sahələrinin burada yerləşən Dövlət Neft Şirkətinə məxsus müxtəlif kateqoriyalı quyular nəzərə alınmadan sənaye təyinatlı torpaqlar kateqoriyasından yaşayış məntəqələri torpaqlar kateqoriyasına keçirilməsi haqqında sərəncam verdikdən sonra əhalinin bu sahələrdə qanunsuz tikinti işləri aparması bu sahədə vəziyyəti daha da gərginləşdirmişdir.

Xəzər dənizinin Azərbaycana məxsus akvatoriyasında neft-qaz infrastruktur obyektlərinin miqdarına və burada neft-qaz hasilatının həcminə görə dünyada ən böyük texnogen təhlükə zonalarından hesab olunur. Bura Qazaxıstandan və Türkmənistandan hər il təxminən 10 milyon ton neft və neft məhsullarının tranzit daşımalarını əlavə etsək, iri miqyaslı qəzaların baş verməsi realdır. Buna misal olaraq 1985-ci ildə Qazaxıstanın Tenqiz neft yatağında sahildən 6 km məsafədə yerləşən 37-ci quyuda baş vermiş qlobal səviyyəli qəzanı göstərmək olar. Həmçinin, müəyyən edilmişdir ki, Xəzər dənizi akvatoriyasında müxtəlif neft-qazçıxarma idarələrinə məxsus istismarı dayandırılmış və atılmış, üzərində iri qabaritli istismara yararsız avadanlıqlar quraşdırılmış 400-ə yaxın özül və estakadayanı meydança mövcuddur. Son vaxtlar dəniz neft və qaz infrastruktur obyektlərində baş verən və insanların ölümü və iqtisadiyyata dəyən külli miqdarda ziyanla nəticələnən qəzalar (buna 2014 və 2015-ci illərin dekabr aylarında dəniz estakadalarında baş vermiş qəzaları göstərmək olar) bir daha təsdiq edir ki, 60 ildən artıq bir dövrü əhatə edən müddət ərzində dənizdə qurulan fərdi özüllər, platformalar, estakadalar, boru kəmərləri və digər obyektlərin ciddi və kompleks şəkildə mövcud vəziyyətinin qiymətləndirilməsi və nəticədə müvafiq təhlükəsizlik tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə ehtiyac vardır. İnsan fəaliyyəti nəticəsində çirklənmiş ərazilərin yaratdığı təhlükələr isə tamam başqa mövzudur.

- Bütün deyilənlərə və deməyə imkan olmayan faktlara istinad edib ilk növbədə hansı işlər vacib sayılmalıdır?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ilin mart ayında «Fövqəladə hallar Atlası»nın nəşr edilməsi haqqında Sərəncam imzalamışdır. «Fövqəladə hallar Atlası»nın redaksiya heyəti yaradılıb. Atlasın nəşr zəruriyəti son illər intensiv geodinamik proseslər, iqlim dəyişmələri, texnogen yüklərin artması ilə yaranmışdır. “Atlas"da respublika ərazisində baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hallar üzrə kartoqrafik materialların tərtibi, onların təhlili, təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə ölkə iqtisadiyyatına dəyə biləcək zərərin minimuma endirilməsi üzrə hesablamalar aparmaqla konkret proqramların işlənməsi nəzərdə tutulub. Bu işlərin nəticəsində real təhlükələr barədə hərtərəfli məlumat bazası yaradılmaqla risklərin kompleks qiymətləndirilməsi, fövqəladə halların təsirinə məruz qala bilən ərazilərin, infrastruktur və strateji əhəmiyyətli obyektlər, müəssisə və qurğuların mühafizəsinin təşkilində mühüm əhəmiyyət daşıyacaqdır.

Prezident Sərəncamından kifayət qədər vaxt keçsə də, təəssüf ki, Atlas üzərində işlər hələ də başlamayıb.

- Mövcud vəziyyəti nəzərə alıb nə təklif edərdiniz?

- Hesab edirəm ki, Fövqəladə hallar Atlasını yaradaraq real təhlükələr barədə məlumat bazası əldə etməklə onun müfəssəl təhlili, ölkə ərazisində yarana biləcək təbii və texnogen dağıdıcı hadisələrin elmi cəhətdən sistemli şəkildə öyrənilməsi, onun törədə biləcəyi ziyanın və risklərin kompleks qiymətləndirilməsi məqsədi ilə AMEA-nın tərkibində Ekologiya və Fövqəladə Hallar üzrə Elmi Şuranın və onun müvafiq struktur bölməsinin yaradılması məqsədə uyğun olardı. Belə bir təcrübə digər MDB ölkələrində var. Bu struktur bölməsi sənayedə, infrastruktur obyektlərində təhlükəsizliyin təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı analitik materialların və hesabatların hazırlanmasını həyata keçirər. Eyni zamanda bu qurumun təklifləri əsasında maliyyə mənbələri müəyyənləşdirilməklə, ərazilərə və insanların sağlamlığına zərər vura biləcək təhlükələrin qarşısının alınması üzrə digər layihələr bilavasitə AMEA tərəfindən həyata keçirilə bilər.

- Maraqlı müsahiəyə görə təşəkkür edirik.


Müsahibəni apardı: Ş.Nəzərli
 





24.09.2020     Çap et  Çap et