GİA

COĞRAFİYA İNSTİTUTUNDA ELM GÜNÜ QEYD EDİLİB


28 mart 2019-cu il
 
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Elm Günü münasibəti ilə Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. Tədbirdə Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və eləcə də BDU coğrafiya fakültəsinin tələbələri iştirak ediblər.

Akademik F.Qədirov elm bayramı münasibəti ilə İnstitut kollektivini və bütün coğrafiyaçıları təbrik edib, İnstitutun fəaliyyətini və əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, gələcəkdə də elmin inkişafı yolunda kollektivə böyük uğurlar arzulayıb.Bildirib ki, ölkəmizdə bu bayramın ilk dəfə olaraq qeyd edilməsi əlamətdar bir hadisədir, bu gün həm də AMEA-nın təsis olunduğu günə təsadüf edir.

Elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov “Azərbaycanda coğrafiya elminin bugünkü vəziyyəti, gələcək perspektivləri və prioritet istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, coğrafiya elminə xidmətin əsası AMEA-nın Coğrafiya İnstitutunda qoyulub və coğrafiya elminin bütün sahələrinin formalaşması buradan başlayır. Coğrafiyanın elə spesifik cəhətləri vardır ki, bunlar məhz coğrafiya, yer elmləri üçün prioritet sahələrdir.

Məruzəçi diqqəti yaxın gələcəkdə landşaft planlaşdırılmasının elmi-nəzəri və təcrübi əsaslarının işlənilməsinə, bu barədə icra orqanlarına təkliflərin hazırlanmasına yönəıldib.

Direktor müavini şöbə müdirlərinə müraciət edərək şöbənin görmək istədiyi perspektiv istiqamətlər haqqında fikirlərini bildirməyi xahiş edib, bunun gələcək üçün İnstitutun prioritet istiqamətlərini müəyyənləşdirmək, elmi tədqiqat işlərini təyin etmək üçün əsas verəcəyini diqqətə çatdırıb.

Akademik F.Qədirov Coğrafiya İnstitutunun prioritet istiqamətlərinin Yer Elmləri Bölməsinin uyğun elmi tədqiqat institutları ilə birgə həyata keçirməyi məqsədəuyğun hesab edib, qeyd edib ki, elmdə rəqabət yaxşıdır, amma birgə iş daha çox fayda verə bilər. Bölmə rəhbəri diqqəti həmçinin elmi saytlardan daha çox istifadəyə, elmi məqalələrin xaricdə nəşrinə çəkib.

Sonda tədbir iştirakçıları Elm Günü münasibətilə təşkil edilmiş sərgiyə baxıblar.



 





28.03.2019     Çap et  Çap et