GİA

ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI HAQQINDA


Mayın 20-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) Elmi Şuranın növbəti iclası keçirilib. Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb və əvvəlcə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Sonra, GGİ-nin Qaz-kondensat yataqlarının işlənilməsi və istismarı şöbəsinin rəhbəri AMEA müxbir üzvü Zöhhak Abbasov və texnika elmləri namizədi Vüqar Fətəliyevin hazırladığı “Qaz-kondensat sistemlərində retroqrad kondensasiya ərəfəsində baş verən fiziki-termodinamiki proseslər və onların praktiki əhəmiyyəti” mövzusunda məruzə dinlənilib. 

Bildirilib ki, son illər ərzində müəlliflər tərəfindən qaz-kondensat yataqlarının istismarı zamanı lay sistemində baş verən faza münasibətlərinin öyrənilməsi istiqamətində ardıcıl və fundamental tədqiqatlar aparılmışdır. Çoxkomponentli karbohidrogen sistemlərinin faza çevrilmələri haqqında biliklər əsaslı şəkildə genişləndirilmişdir. 

Alınmış nəticələrdən çoxkomponentli karbohidrogen sistemlərinin faza vəziyyətlərinin analitik hesablanması və proqnozlaşdırılması üçün müxtəlif riyazi modellərin real sistemə uyğunlaşdırılmasında və həmçinin qaz-kondensat yataqlarının işlənilməsinin və istismarının rasional planlaşdırılmasında uğurla istifadə oluna bilər. Buna görə də aparılmış tədqiqat işləri mühüm əhəmiyyət kəsb edir.

Tədqiqatların nəticələri Moskvada, Yaltada, Novosibirskdə, Atırauda, Buxarestdə keçirilmiş beynəlxalq konfranslarda müzakirə olunmuş, “Journal of Natural Gas Science and Engineering”, “Doklady Earth Sciences of Russian Academy of Sciences” impakt-faktorlu və b. elmi jurnallarda çap olunmuşdur.


Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb və Elmi Şuranın qərarı ilə qəbul edilib.

Daha sonra, elmi-təşkilati işlərin gedişatı haqqında çıxışlara yer verildi.

AMEA Prezidentinin sərəncamlarının və Rəyasət Heyətinin qərarlarının icrası,
AMEA ilə Fransanın Elmi Tədqiqatlar üzrə Milli Mərkəzi, YUNESKO və İsveçrə Milli Elm Fondu arasında qəbul olunmuş proqram çərçivəsində aparılan müştərək elmi-tədqiqat işlərini, həmçinin “Pont-Xəzərin biomüxtəlifliyi: çiçəklənmə və böhran” qrant layihəsinin gedişatlarından bəhs olunub.


İclas kadr və digər məsələlər haqqında müzakirələrlə yekunlaşıb.





















 

 
 

 

 

 







20.05.2016     Çap et  Çap et