GİA

İNSTİTUT KADR POTENSİALINI İNKİŞAF ETDİRİR


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) elmi işçi, doktorant, dissertant və magistratlar üçün rus və ingilis dilləri üzrə tədris kursları, həmçinin elmin ən son nailiyyətləri haqqında mühazirələr təşkil olunub. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin bu il fevral ayında imzaladığı müvafiq sərəncamdan irəli gələn bu işlər institutun elmi kadr potensialını inkişaf etdirmək məqsədi daşıyır.

Xarici dil kursları 3 müxtəlif səviyyədən ibarətdir və effekti üçaydanbir keçirilməsi nəzərdə tutulan imtahanlarla yoxlanılacaq. Yay məzuniyyətlərindən sonra – sentyabrda kursların ikinci səviyyəsi başlayacaq. Hər səviyyənin sonunda iştirakçılara sertifikatlar veriləcək.

Silsilə mühazirələr isə gənc alim və mütəxəssislərin elmi dünyagörüşünün genişləndirilməsi və xarici dil biliklərinin yüksəldilməsinə xidmət edir. Bu məqsədlə ilk seminar “Müasir riyazi statistik üsulların geoloji-geofiziki tədqiqatlarda tətbiqi” mövzusu üzrə keçirilib. GGİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının rəhbəri, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasovun sədrliyi ilə aparılan tədbirdə AMEA-nın müxbir üzvü Qərib Calalov geniş məruzə ilə çıxış edib, gənclərin çoxsaylı suallarını cavablandırıb.

Sonda qeyd olunub ki, bu cür mühazirələr GAMŞ-ın seminarlarında davam etdiriləcək.















 






06.05.2016     Çap et  Çap et