GİA

ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI HAQQINDA


Noyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) elmi şuranın növbəti iclası keçirilib. Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb. Əvvəlcə
noyabrın 14-də 92 yaşında vəfat etmiş görkəmli geoloq-alim, İkinci Dünya müharibəsi veteranı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, AMEA-nın müxbir üzvü Fərhad Soltan oğlu Əhmədbəylinin xatirəsi sükutla yad edilib.

Sonra, Çökmə hövzələrinin flüid dinamikası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Əkpər Feyzullayev 70 yaşı tamam olması münasibəti ilə kollektiv adından təbrik edilib. Yubilyara həyat və yaradıcılığı ilə bağlı xoş arzular ifadə olunub.

Sonra iclasın gündəliyinə nəzər salınıb, ilk olaraq  “Alp-Himalay qırışıqlıq qurşağının Xəzər-Fars seqmentində endo-gen neftqazəmələgəlmənin geodinamik zonallığı” mövzusunda tədqiqatlardan danışılıb. D.Hüseynov bu istiqamətdə əhəmiyyətli nəticələrin əldə olunduğunu bildirib. İnstitutun Petrologiya şöbəsinin rəhbəri, akademik Arif İsmayılzadə sözügedən nəticələr barədə məruzə ilə çıxış edib. Tədqiqatların nəticələri geniş müzakirə edilib, suallar cavablandırılıb. Məruzə elmi şuranın qərarı ilə qəbul olunub. 

Daha sonra 2015-ci ildə başa çatmış elmi-təşkilati işlər üzrə yekun hesabatların müzakirəsi aparılıb. “Süxurların petrofiziki xassələrinin quyu geofiziki tədqiqat məlumatlarına görə neyron şəbəkəsi ilə tədqiqi və proqnozlaşdırılması metodları” və “Abşeron neft-qaz rayonları neftlərinin tipləşdirilməsi və katagenetik çevrilməsinin müasir kompleks instrumental üsullarla öyrənilməsi” mövzularında görülmüş işlərdən bəhs olunub. GGİ-nin redaksiya-nəşriyyat fəaliyyəti, həmçinin analitik bazasının vəziyyəti və aparılan işlərin effektivliyi haqqında da çıxışlar dinlənilib.

İclas kadr hazırlığı və digər məsələlərin müzakirəsi ilə davam edib.










 






20.11.2015     Çap et  Çap et