GİA

TİBBİ GEOLOGİYAYA DAİR ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda “Tibbi geologiya: Müasir vəziyyət və aktual problemlər” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib. İnstitutun Geoloji mühitin qamma-spektrometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev və gənc tədqiqatçı Fərəh Mahmudova tərəfindən hazırlanmış məruzə əsasında təşkil olunan tədbirdə radon qazının tədqiqi və canlılara təsirindən bəhs olunub. F.Mahmudova mövzuya dair geniş məruzə ilə çıxış edərək bildirib ki, tibbi geologiyanın inkişafı Azərbaycan üçün xüsusi strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə aparılan tədqiqatlarda əsas məqsədlərdən biri ölkə ərazisinin radiasiya, geokimyəvi və ekoloji xüsusiyyətlər üzrə rayonlaşdırılmasıdır. Bu tədqiqatların nəticələri bir sıra xəstəliklərin müalicə və profilaktikası üçün kompleks tədbirlərin həyata keçirilməsi üçün şərait yaradır.

Azərbaycanda tibbi geologiyanın əsas istiqamətlərindən biri radon və onun parçalanma məhsullarının insan sağlamlığına təsiridir. 2010-cu ildə AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşları tərəfindən İsveçrənin Elm Fondunun qrant layihəsi həyata keçirilmişdir. Alınan nəticələrin əsasında Azərbaycan ərazisi üçün radonun yayılma və radonun anomaliyaları xəritələri tərtib olunmuşdur. Hal-hazırda anomal radon göstəriciləri müşahidə olunan ərazilərdə Səhiyyə Nazirliyi ilə birlikdə yüksək radon konsentrasiyası və ağciyər xərçəngi ilə xəstələnmə halları arasında əlaqəni müəyyən etmək üçün əldə olunan və statistik məlumatların emalı həyata keçirilir.

Aparılmış tədqiqatların davamı olaraq 2014-cü ildə Talış regionunun termal sularında radon konsentrasiyasının qiymətləndirilməsi həyata keçirilmişdir. Tədqiqatlar nəticəsində radonun konsentrasiyası və suyun qaz tərkibi arasında asılılıq müəyyən edilmişdir. Sanitar-gigiyenik normalara əsasən Yardımlı rayonunda yerləşən Bülüdül su mənbəyi istisna olmaqla, bu regionun termal sularının əhali tərəfindən istifadəsi təhlükə törətmir. Bülüdül su mənbəyində radonun miqdarı içməli su üçün qəbül olunmuş normadan 1,5 dəfə artıqdır.

Bundan başqa AR Nazirlər Kabinetinin 236s saylı 31.07.2014-cü il tarixli sərəncamına əsasən “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı” təsdiq edilmişdir. Tədbirlər proqramının əsas məqsədi radonun təsiri nəticəsində əhalinin ionlaşdırıcı şüalanmaya məruz qalmasının qarşısının alınması üçün dövlət nəzarəti sisteminin təşkilinə və mövcud radon riskinin azaldılmasına dair təkliflərinin hazırlanmasıdır. Tədbirlər proqramı çərçivəsində radon riskli zonaların müəyyənləşdirilməsi üzrə aparılacaq elmi-tədqiqat işlərinin proqramının hazırlanması, ölkədə radiasiya təhlükəsizliyini tənzimləyən qanunlara və digər normativ hüquqi sənədlərə radonun təsirinə dövlət nəzarətinin həyata keçirilməsi, radon riskli ərazilərdə uzun müddət yaşayan insanların tibbi müayinəsi, əhalinin radon təhlükəsi barədə maarifləndirilməsi, yaşayış, ictimai və iş yerlərinin havasında müxtəlif yollarla daxil olan radonun miqdarının azaldılması üzrə pilot sınaqların aparılması nəzərdə tutulur.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirədən sonra başa çatıb.







06.05.2015     Çap et  Çap et