GİA

“AZƏRBAYCANIN GEOLOJİ MÖCÜZƏLƏRİ” ELM İCTİMAİYYƏTİ TƏRƏFİNDƏN MARAQLA QARŞILANIR


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun “Azərbaycanın geoloji möcüzələri” adlı kitablar dəsti nəşr olunmuşdur. Nəşrə “Neft haqqında nə bilirik?”, “Palçıq vulkanları haqqında nə bilirik?” və “Azərbaycan Respublikasının geoloji irsi” adlı kitablar daxildir. Adı çəkilən birinci kitabda neftin üzvi maddədən əmələ gəlməsi və karbohidrogenlərə çevrilməsindən tutmuş axtarış, hasilat, daşınma və emalına, eləcə də dünya birliyinin inkişafındakı roluna qədər bütün aspektləri təsvir olunur. Burada xüsusi bölmədə Azərbaycanın neft sənayesinin tarixindəki mühüm hadisələr haqqında məlumat verilir, ölkəmizin ilk neft sənayeçiləri barədə qısa bioqrafik arayışlar yer alıb. Kitab neft haqqında məlumatı olmayan, yaxud az olan geniş oxucu kütləsi üçün publisistik üslubda yazılıb, müəllifləri akademik İbrahim Quliyev, AMEA-nın müxbir üzvü Əkpər Feyzullayev və geologiya-mineralogiya elmləri namizədi Məlahət Əfəndiyevadır. Elmi redaktoru geologiya-mineralogiya elmləri doktoru, professor Fikrət Babayevdir.

Palçıq vulkanlarından bəhs edən kitab isə Azərbaycan və digər ölkələrin bu tip möcüzəli təbiət abidələri barədə məlumat verir. Burada palçıq vulkanlarının əmələ gəlməsi, püskürmə mexanizmi, neft-qaz yataqları və zəlzələlərlə əlaqələri izah olunur. Kitabda həmçinin palçıq vulkanlarının maqmatik vulkanlarla müqayisəsi şərh edilir, vulkan palçıqlarının müalicəvi əhəmiyyətindən bəhs olunur və  sadə oxucu kütləsi üçün böyük maraq kəsb edən digər məsələlər də öz əksini tapır. Kitabın müəllifləri İ.Quliyev, Ə.Feyzullayev və geologiya-mineralogiya elmləri doktoru Adil Əliyevdir. Hər iki kitab Azərbaycan, ingilis və rus dillərində yazılıb.

“Azərbaycan Respublikasının geoloji irsi” kitabı isə ingilis dilindədir və ölkəmizdəki nadir geoloji obyektlər haqqındadır. Burada onların elm və insan həyatı üçün əhəmiyyəti barədə məlumatlar böyük maraq kəsb edir. Həmçinin, nəşrdə bu geoloji obyektlərin antropogen amillərin təsiri ilə məruz qaldıqları risklər barədə geniş məlumat verilir, onların mühafizəsinin vacibliyi izah edilir. Kitabın müəllifləri geologiya-mineralogiya elmləri doktorları Tələt Kəngərli və Şıxəli Babayevdir.

“Avroviziya-2012” 57-ci mahnı müsabiqəsinə həsr olunmuş kitablar dəsti şəhərimizin qonaqları tərəfindən maraqla qarşılanmışdır.

Rusiyanın Cənub Federal Universitetinin alimi Ruban Dmitriy Almaniyanın geologiya və paleontologiya üzrə “Zentralblatt” elmi jurnalında “Neft haqqında nə bilirik?” kitabı barədə rəy yazmışdır. Kitabı geniş şərh edən rusiyalı geoloq nəşri həm neftçilər, həm də qeyri-elm cəmiyyəti üçün mühüm vəsait hesab edir. Təhsil naziri Misir Mərdanov və Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov da rəsmi məktublarla “Azərbaycanın geoloji möcüzələri” adlı kitablar dəsti haqda təəssüratlarını bölüşmüşlər. Onlar kitablar dəstinin nəşrini Azərbaycanın dünyaya tanıdılması istiqamətində mühüm hadisə və vətənpərvərlik nümunəsi hesab edirlər. Məktublarda kitabların tərtibatı, aydın dili və elmi səviyyəsi yüksək qiymətləndirilir.



 





 





13.07.2012     Çap et  Çap et