Ana Səhifə / Xəbərlər

Xəbərlər

11 May 2022 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-də YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI


11 may 2022-ci il

Geologiya və Geofizika İnstitutunda (GGİ) Ümumrespublika elmi seminarını giriş sözü ilə açan bu elmi müəssisənin baş direktoru akademik Akif Əlizadə bildirib ki, növbəti toplantımızda AMEA Neft və Qaz İnstitutunun şöbə rəhbəri g.-m.e.d. Namaz Yusubov maraqlı təqdimat reallaşdıracaq. Məruzənin mövzusu “Orta və Aşağı Kür çökəkliklərində az dərinliklərdə əmələ gələn zəlzələ ocaqları haqqında”dır.

Namaz Yusubov məruzəsində vurğulayıb ki, Azərbaycanın tədqiqatla əhatələnmiş ərazisində əmələ gələn zəlzələlərin 70%-i Kür çökəkliyinin Kiçik və Böyük Qafqaz sıra dağları ilə təmas zonalarındakı tektonik qırılmalar boyu qeydə alınır. Lakin baş vermiş tektonik hadisələrin təxminən üçdə bir (30%) qismi tektonik qırılmaların Yer səthində izlənilmədiyi depressiya zonalarında müşahidə olunur. Seysmoloji monitorinq və əksolunan dalğa üsullarının istifadəsilə qeydə alınmış məlumatların birgə interpretasiyası nəticəsində aydınlaşdırılıb ki, Kür çökəkliyində azdərinlikli zəlzələ ocaqlarının (sayca) təxminən yarısı heterogen quruluşa malik bünövrə hüdudlarındakı blokların üçölçülü fəzada müxtəlif istiqamətli hərəkətləri nəticəsində Yer səthində və çöküntü qatında dizyunktiv dislokasiyalar yaratmadan yaranırlar. Bununla yanaşı, belə zəlzələlər bir sıra sahələrdə geoloji kəsilişin heterogen xüsusiyyətə malik mezozoy və kaynozoy mərtəbələri daxilində, bəzən də onların təmas zonalarında baş verir. Bu nəticə uzunmüddətli geodezik ölçü məlumatlarının təhlili və azdərinlikli zəlzələ ocaqlarının geoloji kəsilişdəki subhorizontal dislokasiya müstəvilərin dərinlikləri ətrafında yer alması amili ilə də təsdiqlənir.

Mövzu ilə bağlı natiqə verilmiş çoxsaylı suallar cavablandırılıb. Təqdimat barədə olunan çıxışlarda mövzunun aktuallığı xüsusilə qeyd edilib. Bildirilib ki, Yer səthində tektonik qırılmaların izlənilmədiyi zonalarda azdərinlikli (kiçik fokuslu) zəlzələ ocaqlarının yaranma səbəblərini müəyyənləşdirməklə və belə tektonik hadisələrin (azdərinlikli zəlzələlərin) yer qabığında, əsasən çöküntü qatında, törətdiyi dəyişikliklərin (dislokasiyaların) xüsusiyyətlərinin tədqiqi diqqətəlayiqdir. İstifadə olunmuş kompleks materialların interpretasiyasının və təhlilinin nəticələri ərazilərin seysmiklik xəritələrinin dəqiqləşdirilməsinə imkan verir.

Beləliklə, Ümumrespublika elmi seminarının iştirakçıları g.-m.e.d. Namaz Yusubovun “Orta və Aşağı Kür çökəkliklərində az dərinliklərdə əmələ gələn zəlzələ ocaqları haqqında” təqdimatını yüksək qiymətləndiriblər.