Ana Səhifə / Xəbərlər

Xəbərlər

21 Jun 2024 Nəşrlər Nəşrlər

GGİ-də “Pliosen Karbohidrogen Sedimentary Series of Azerbaijan” ADLI MONOQRAFİYA ÇAPDAN ÇIXIB

(Azərbaycanın əsas neft-qaz rezervuarı olan Məhsuldar qata həsr  olunmuş monoqrafiya ilə bağlı qeydlər)

 

Azərbaycanda yerin təkinin neftlə zəngin olduğu haqqında məlumatlar əsrlərin dərinliyinə gedir. Neftin ilk hasilatı XIX əsrin əvvəlindən yerüstü neft təzahürlərin yanında əl ilə qazılmış quyular vasitəsi ilə başlanmışdır. Geologiya elminin XIX əsrin ortalarınadək, demək olar ki, mövcud olmamasına baxmayaraq neftə olan tələbatın durmadan artması, eyni zamanda hələ tədqiq olunmamış neft çıxışlarının sayının azalması və quyuların dərinliyinin artması ilə bağlı axtarış işlərinin uğur ehtimalı da gündən-günə azalırdı. Azərbaycan alimlərinin səylə, elmi inadla, həm də həvəslə bir əsr müddətli axtarış işlərinin nəticələri təhlil olunandan sonra  sübut edildi ki, səthi neft təzahürlərinin olmadığı qapalı strukturlar daha perspektivlidir.  


Azərbaycan ərazisinin müfəssəl geoloji tədqiqi təxminən 1920-ci illərə təsadüf edir. Bu dövrdən paleontologiya, stratiqrafiya, regional geologiya və tektonika, litologiya, paleocoğrafiya, geoxronologiya, neft-qaz geologiyası və geokimyası, mineralogiya, kristalloqrafiya, petrologiya, paleovulkanologiya, metallogeniya, filiz və qeyri-metal faydalı qazıntıların geologiyası, hidrogeologiya və mühəndisi geologiyası və dəniz geologiyası kimi geologiya elminin sahələri inkişaf etməyə başlamışdır.


Musa Əliyev, Əliəşrəf Əlizadə, Qambay Əlizadə, Şamil Əzizbəyov, Mirəli Qaşqay, Şəfaət Mehdiyev , Azal Sultanov, Hətəm Şıxəlibəyli, Əhəd Yaqubov və bir çox başqa alimlər Azərbaycanda geologiya elminin, o cümlədən Yerin Məhsuldar qatının (MQ) tədqiqində və inkişafında mühüm rol oynamışlar. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, adı çəkilən alimlərin demək olar hər biri bununla özünəməxsus elmi məktəb yadigar qoyub.


İndi tam əminliklə demək olar ki, nəhəng neft-qaz ehtiyatları ilə zəngin olan neft yataqları yüksək məsaməliyə və keçiriciliyə malik olan qumlu-alevritli horizontlar kollektor-laylarla bağlıdır. Ha-zırda Azərbaycanda hasilatının 80%-dən çoxu Məhsuldar Qat (MQ) adlanan alt Pliosen yaşlı çöküntülərin payına düşür. Bu çöküntülərin toplanmasının sürətinə və həcmnə görə Cənubi Xəzər hövzəsi (CXH) bütün dünyada unikaldır və çöküntülərin ritmik növbələşməsini özündə əks etdirir.Yalnız son 5 mln il ərzində burada qalınlığı 7km-ə çatan  qumlu-gilli çöküntülərin ritmik növbələşməsini özündə əks etdirən çöküntü qatı toplanmışdır.


Məkan və zamanca  MQ süxurlarının petrofiziki xüsusiyyətləri haqqında dəqiq məlumatlar neft və qaz üzrə axtarış işləri və həmçinin onların aşkarlanması, münbit horizontların kəşfiyyatdan əvvəl və sonra istifadə edilməsi baxımından, böyük praktik və elmi məna kəsb edir. Buna görə də təsadüfi deyildir ki, bir çox alimlər və neft kəşfiyyatçıları Azərbaycanın MQ çöküntülərinin öyrənilməsinə diqqət yetiriblər.


Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra beynəlxalq elmi əlaqələr genişləndi və ən müasir texnologiyalardan istifadə etməklə fundamental tədqiqatların yeni mərhələsi başladı. Qısa müddətdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) (indi Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu) dünya geologiya elminə uğurla inteqrasiya olundu.


Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1994-cü ildə “Əsrin neft müqaviləsi”ni imzaladıqdan sonra bu proses daha da fəallaşdı. “British  Petroleum-Statoil”, “Exxon”, “Shell”, “Amoco”, “Mobil”, “Yunocal”, “Texaco”, “Philips”, “Total”, “Elf”, “Aqip” və dünyanın digər  aparıcı neft şirkətləri, elmi mərkəzləri ilə birgə tədqiqatların nəticələrini beynəlxalq elmi məkanda inqilabı sıçrayış kimi qiymətləndirmək olar.


Bu dövrdə geologiya, paleontologiya və stratiqrafiya, neft və qazın geokimyası, geofizika və b. elmi istiqamətlərində 50-dən çox beynalxaq elmi layihə işlənib hazırlanmışdır. Birgə çöl işləri zaman, yığılmış süxur, neft, qaz nümunələrin xarici elmi mərkəzlərdə analitik tədqiqatların nəticələrinin təhlilini və şərhi müasir texnoligiyalara uyğunlaşmağı, yeni proqram təminatının hazırlanmasını,  eyni zamanda milli elmi kadrların hazırlanmasını sürətləndirdi.


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvləri Akif Əlizadə, İbrahim Quliyev, Pərviz Məmmədov,  Əkpər Feyzullayev, AMEA-nın müxbir üzvləri Elmira Əliyeva və Dadaş Hüseynov, həmçinin Tel-Əviv Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Lev Epelbaumdan ibarət müəlliflər qrupunun hazırladığı “Pliosen Karbohidrogen Sedimentary Series of Azerbaijan” adlı monoqrafiya “Springer” nəşriyyatında (ingilis dilində) çapdan çıxıb.


Yeni orijinal monoqrafiya  bu günə qədər toplanmış bütün geoloji və geofiziki materialların elmi ümumiləşdirilməsi və təhlilindən ibarətdir.


Kitabda CXH-nin əsas neft-qaz rezervuarının - Məhsuldar Qatın (MQ) müfəssəl seysmostratiqrafik və seysmo-fasial təhlili, çöküntütoplanmanın şəraiti və dövriliyi, süxurların litoloji və mineraloji tərkibi, onların məkanda dəyişmə qanunauyğunluqları təhlil edilmişdir. Süxurların tutum-süzülmə xassələri hərtərəfli səciyyələndirilmiş, çöküntü aşınma mənbələrinin paleorekonstruksiyaları və hövzənin fasiyal rayonlaşması aparılmışdir.


Monoqrafiyada MQ-nın neftqazlılıqının və termobarik şəraitinin öyrənilməsinin nəticələrinə, həmçinin Aşağı Pliosen çöküntülərının generasiya potensialının və onların CXH-də karbohidrogenlərin (KH) əmələqəlməsində rolun qiymətləndirilməsinə də yer ayrılmışdır.


Monoqrafiyanın ayrı-ayrı fəsillərində üzvi maddələrin (ÜM) və KH flüidlərin izotop-geokimyəvi xassələrinə, ÜM toplanması və çevrilmə şəraitlərinə, süxur-neft korrelyasiyası vasitəsilə neftin və qazın əmələgəlmə ocaqlarının dərinlik-stratiqrafik yerləşməsinə, miqrasiya proseslərinin xüsusiyyətlərinə, tələlərin KH-lə doldurulma mexanizminə, habelə onların saxlanılma şəraitlərinə diqqət edilir.


Bütün bu tədqiqatların nəticələri monoqrafiyanın müəlliflərinə  geoloji kəşfiyyat işlərinin səmərəliliyinin təhlili ilə yanaşı CXH-nin dərin quruluşunun müəyən edilməsinə, neft və qaz yataqlarının formalaşmasının tektonodinamik modelini qurulmasına və hövzənin ehtiyatlarının mənimsəməsinin strategiyasını işləyib hazırlamasına imkan yaratmışdır.


712 səhifəlik nəfis çap əsəri 19 fəsildən, 33 cədvəldən və 337 şəkildən ibarətdir.


Monoqrafiya müvafiq elmi sahədə çalışan mütəxəssislər, müəllimlər və tələbələr üçün nəzərdə tutulmuşdur.

 

 

 

 

GGİ-də “Pliosen Karbohidrogen Sedimentary Series of Azerbaijan” ADLI MONOQRAFİYA ÇAPDAN ÇIXIB
next
next