Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunda (GGİ) Yer elmləri sahəsində növbəti ümumrespublika elmi seminarı “Cənubi Xəzər çökəkliyində məhsuldar qat çöküntülərinin karbohidrogen ehtiyatlarının və resurslarının qiymətləndirilməsində geoloji risklərin azaldılması” mövzusunda olub.
Tədbirə sədrlik edən İnstitutun baş direktoru akademik Akif Əlizadə seminar mövzusunun aktuallığını diqqətə çatdırmaqla yanaşı bu sahədə böyük xidmətlər göstərmiş azərbaycanlı alimlərin elmi nailiyyətlərini də xatırladıb və onların adı ilə tanınan məktəbin uğurlarından söz açıb.
Sonra mövzu üzrə məruzə üçün sözü SOCAR-ın baş ofisində “Yataqların qiymətləndirilməsi və karbohidrogen ehtiyatlarının idarə edilməsi” şöbəsinin rəis müavini y.e.f.d. Elvin Əhmədova verib.
E.Əhmədov bldirib ki, Azərbaycanın karbohidrogen resurslarının əsas hissəsi Cənubi Xəzər Çökəkliyində (CXÇ) yerləşən yataqları ilə təmin edilir və Məhsuldar Qat (MQ) çöküntüləri ilə əlaqədardır. Mövcud neft və qaz ehtiyatlarının və resursların qiymətləndirilməsi, eləcə də mənimsənilməyə cəlb edilməsi Respublikamızın gələcək inkişafında əhəmiyyətli dərəcədə rol oynayır. Bununla yanaşı, hövzədə aşkar olunmuş strukturların 80%-ə qədərinin neft-qazlılığı hələ də qeyri-müəyyən olaraq qalır. Perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin layihələndirilməsi geoloji, geofiziki, geokimyəvi, tektonik və s. tədqiqatlarla yanaşı, müasir geoloji-riyazi üsulların tətbiqi ilə hövzədə aparılmış axtarış-kəşfiyyat işlərinin, neft-qazlılığın və struktur-tektonik quruluşun təhlili, karbohidrogen ehtiyatlarının və resurslarının dəqiqləşdirilməsi, geoloji risklərin qiymətləndirilməsi və azaldılması yollarının əsaslandırılması aktualdır.
E.Əhmədov sözünün davamında diqqətə çatdırıb ki, aparılan tədqiqatlar sahəsində yataqlar və perspektiv strukturlar üzrə kompleks geoloji-geofiziki, geoloji-mədən və işlənmə göstəriciləri sistemləşdirilib, təhlil edilib, CXÇ-də aparılmış kompleks geoloji-geofiziki tədqiqatlar, axtarış-kəşfiyyat işləri təhlil olunaraq hövzənin qeyri-müəyyənliklərlə xarakterizə olunan sahələri seçilib. Nəticədə bütün hövzə üzrə geoloji risk xəritəsi tərtib etmək mümkün olub. Müəyyən edilib ki, tədqiq edilən sahədə karbohidrogen ehtiyatlarının həcminə ilk növbədə sahə, effektiv qalınlıq və nisbətən daha az digər lay və flüid parametrləri təsir edir.
Hövzədə axtarış-kəşfiyyat işlərinin aparılmasının və yataqların işlənməyə cəlb edilməsinin növbəlilik prinsipləri yeni işlənmiş təsnifat modeli vasitəsi ilə tədqiq olunub. Təsnifat modelinin üstünlüyü ondan ibarətdir ki, o, çoxölçülü parametrlərə (sahələrdə dənizin dərinliyi, tektonik blokların sayı, bazis horizontların dərinliyi, işlənmə obyektlərinin sayı – çoxlaylılıq və karbohidrogen ehtiyatlarının həcmi) görə tərtib edilib.
Natiq məruzəsinin yekununda vurğulayib ki, hazırlanmış model əsasında axtarış-kəşfiyyat işlərinin aparılmasının və yataqların işlənməyə cəlb edilməsinin növbəliliyi müəyyənləşdirilib. Bunlar da risklərin azaldılması yolu kimi problemin həllini reallaşdırıb.
Sonda çoxsaylı suallara aydınlıq gətirilib, məruzə ətrafında çıxışlar dinlənilib, rəy və təkliflər səsləndirilib.
Elmi seminar İnstitutun baş direktoru akademik Akif Əlizadənin tövsiyələri ilə yekunlaşıb.