Ana Səhifə / Xəbərlər

Xəbərlər

21 Jun 2023 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA GƏNCLƏR ÜÇÜN LEKTORİYA KEÇİRİLİB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunda (GGİ) gənclər üçün  təşkil olunmuş növbəti lektoriya “Tibbi geologiya: Yer elmləri istiqamətində fənlərarası tədqiqatlar. Müasir vəziyyət və gələcəyə baxış” mövzusuna həsr olunub.


Tədbirdə İnstitutun gənc tədqiqatçıları, şöbə rəhbərləri ilə yanaşı, qonaq qismində Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun “İnsan genetikası” laboratoriyasının əməkdaşları da iştirak ediblər.


Lektoriyanı giriş sözü ilə açan  Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə ixtisasca həkim, lakin tibbi geologiya üzrə ölkənin ilk tədqiqatçılarından olan Fərəh Mahmudovanın elmi axtarışları barədə məlumat verib.


Təqdimat üçün söz alan GGİ “Yerin radioaktiv sahələri” şöbəsinin böyük elmi işçisi, yer elmləri üzrə fəlsəfə doktoru Fərəh Mahmudova mövzu üzrə təqdimat reallaşdırıb. Məruzəçi, ilk növbədə, elmin tibbi geologiya istiqaməti barədə  məlumat verib. Bildirib ki, tibbi geologiya elminin əsas məqsədi sağlamlığa mənfi təsir göstərən təhlükəli geoloji faktorların və onların təsiretmə yollarının müəyyən edilməsi, həmçinin əhali üçün risk faktorlarının aradan qaldırılması və ya minimuma endirilməsi üçün rasional prinsiplərin işlənilib hazırlanmasıdır. Bizi əhatə edən mühitdə fiziki, kimyəvi  və bioloji faktorların zərərli təsirindən insan sağlamlığının qorunması üçün zəruri olan mühüm şərtlərdən biri də cəmiyyətdə geoloji və tibbi-bioloji elm sahələrinin qarşılıqlı əməkdaşlığıdır.


İnsan sağlamlığına təsir edən əsas geoloji faktorlar, minerallar və onların tozu haqqında faktlarla söz açan məruzəçi bildirib ki, torpağın və dağ süxurlarının əsas tərkib komponentlərini təşkil edən  minerallar təbii yolla formalaşmış kristallik strukturun qeyri-üzvi maddələridir. Məlumdur ki, gündəlik həyatda bəzi mineralların canlılara uzunmüddətli təsiri müxtəlif ciyər problemlərinin, pnevmokonioz və xərçəng xəstəliklərinin yaranmasına səbəb olur. Hava ilə qarışaraq insanın nəfəs orqanlarına daxil olan bu növ minerallar insanların və başqa canlıların sağlamlığına çox ciddi təhlükə yaradır. 1900-1960-ci illərdə əldə olunmuş epidemioloji faktlar göstərib ki, asbest minerallarının tozu qarışmış hava ilə davamlı tənəffüs ağciyərdə fibroz və xərçəng kimi xəstəlikləri yaradır. Bununla yanaşı, bəzi mineralların ağciyər üçün potensial zəhərlənmə mənbəyi olması tam dəqiqliklə təyin edilib.


F.Mahmudova sonra insan orqanizmində makro- və mikroelementlər, onların funksiyası, artıqlığı və defisiti haqqında şərh verib. Eləcə də endogen geoloji proseslər, vulkanik aktivlik barədə ətraflı məlumat təqdim edib. Həmçinin  yer səthində canlı orqanizmlərin həyatına mənfi təsirli geoloji şəraiti olan ərazilərin adlandırılması üçün istifadə olunan ümumi anlayış - geopatogen zonalardan söz açıb.


Məruzəçinin Azərbaycanda həyata keçirilmiş tədqiqatlar barəsində məlumatı da maraqla qarşılanıb. Gənc alim bildirib ki, Azərbaycanda radon problemi 2010-cu ildən sonra öyrənilməyə başlayıb. 2010-2011-ci illərdə ölkəmizdə ilk dəfə AMEA Geologiya və Geofizika İnsititutunun alimləri İsveçrə Milli Elm Fondunun maliyyə və elmi köməkliyi ilə və İsveçrə metodu və təcrübəsindən istifadə etməklə  “Azərbaycanda radonun paylanması və kadastrının yaradılması” mövzusunda qrant layihəsini həyata keçiriblər. Reallaşmış tədqiqatların nəticəsində Azərbaycan üzrə ilk dəfə radon konsentrasiyasının həcmi paylanma xəritəsi və kadastrı tərtib olunub, yol verilən normadan çox radon miqdarı ilə xarakterizə olunan və əhalinin sağlamlığına zərərli olan anomal zonalar müəyyən edilib.


Təqdimat çərçivəsində palçıq vulkanları, mikroelementlər, mərgümüşlü sular haqqında verilmiş məlumatlar xüsusi diqqətlə qarşılanıb.


Sonda lektoriya iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.


Akademik Akif Əlizadə tibbi geologiya üzrə ölkənin ilk tədqiqatçılarından olan y.e.f.d. Fərəh Mahmudovanın təqdimatını yüksək qiymətləndirib və lektoriya iştirakçıları adından ona təşəkkür edib.

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA GƏNCLƏR ÜÇÜN LEKTORİYA KEÇİRİLİB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA GƏNCLƏR ÜÇÜN LEKTORİYA KEÇİRİLİB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA GƏNCLƏR ÜÇÜN LEKTORİYA KEÇİRİLİB
next
next