Monoqrafiya və kitablar

H.ZƏRDABİ ADINA TƏBİƏT TARİXİ MUZEYİ
Kitabda Həsənbəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin yaranma tarixi, Abşeron yarımadası, Ceyrançöldə və b. obyektlərdə aparılan elmi tədqiqatlar, Azərbaycanın geoloji quruluşu, faydalı qazıntıları haqqında məlumat verilir. Muzeyin eksponat və ekspozisiyalarda müasir və qazıntı halında tapılan faunadan mərcanların, balıqların, suda-quruda yaşayanların, sürünənlərin, quşların və məməlilərin skelet və müqəvvalarının izahı və fotoşəkli verilir.
Kitabda həmçinin muzeydə saxlanılan və adları «Qırmızı kitab»a düşmüş heyvanların siyahısı və başqa materiallar dərc olunur.
Kitab təbiətşünasların, tələbələrin, məktəblilərin və geniş oxucu kütləsinin marağını cəlb edən əyani vəsaitdir.

Biblioqrafiyada görkəmli geoloq, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademiki), Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, H.Z.Tağıyev adına Azərbaycan Milli mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru professor Ələşrəf Veysəl oğlu Məmmədovun həyatının, elmi, elmi-təşkilatı, pedaqoji və ictimai fəaliyyətinin əsas mərhələləri əks olunur.
Kitabça elmi işçilər, geologiya sahəsində çalışan mütəxəssislər və elmin tarixi ilə maraqlananlar üçün vəsaitdir.

"Azərbaycanın mineral xammal sərvətləri və ətraf mühit" kitabı yeni dərs vəsaitidir. Dərslikdə Azərbaycan ərazisində geniş yayılmış filiz və qeyri-filiz mineral xammal sərvətlərin sənayenin, təbabətin, xalq təsərrüfatının, habelə məişətimizin müxtəlif sahələrində istifadə olunması, onların ekologiyada rolu, xüsusən də ətraf mühitə mənfi və müsbət təsirləri barədə dəyərli və maraqlı məlumatlar verilir.
Dərslik universitetlərin Geologiya və Coğrafiya fakültələrinin təbii ehtiyatlardan istifadə, geokimya və ətraf mühitin mühafizəsi ixtisaslarının magistr pilləsi üçün nəzərdə tutulmuşdur. Bu kitabdan Geologiya və Coğrafiya fakültələri bakolavr pilləsi tələbələri, habelə geniş oxucu kütləsi də istifadə edə bilər.

Biblioqrafiyada görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, akademik Əzəl Cəfər oğlu Sultanovun elmi, pedaqoji və içtimai fəaliyyətinin əsas mərhələləri əks olunur. Biblioqrafiya elmi işçilər və vətənimizin elm tarixi ilə maraqlanan bütün oxucular üçün vəsaitdir.