Ana Səhifə / Xəbərlər

Xəbərlər

07 Jan 2021 Diqər xəbərlər Diqər xəbərlər

GƏNC KÖNÜLLÜ İŞ YERİNƏ QALİB ORDUNUN ƏSGƏRİ KİMİ QAYIDIB

 
7 yanvar 2021-ci il

İkinci Qarabağ müharibəsinə könüllü getmiş Geologiya və Geofizika İnstitutunun gənc mütəxəssisi Turan İmaməli ordudan tərxis olunaraq iş yerinə qayıdıb.

İnstitut kollektivi ilə fərəhli görüşdən sonra elmi müəssisənin direktoru akademik Akif Əlizadənin Turan İmaməli ilə görüşü keçirilib.

İnstitutun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynov və Həmkarlar ittifaqının sədri Kamran Əliyev təvazökar əməkdaşlarını ətraflı xarakterizə edərək nəzərə çatdırıblar ki, Turan institutda çalışdığı son 4,5 ildə ictimai işlərdə fəal iştirak edib, nizam-intizamı, bacarığı ilə seçilib. Döyüş gedən rayonlarda, xüsusən Hadrudda və Şuşa ərazisində qəhrəmancasına vuruşub, şərəfli döyüş yolu keçib,düşmənə aman verməyib.

Turan İmaməli görüşdə Prezident, Ali Baş Komandan İlham Əliyevin dəqiq əmrlərinin, siyasi səriştəsinin və rəhbərlik təcrübəsinin qələbəmizin təminatıçısı olduğunu cəbhə yoldaşları adından xüsusilə vurğulayıb. O, hərbi əməliyyatlar tam bitdikdən sonra lazım gələrsə, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərində iştiraka da hazır olduğunu bildirib. "Mənim atam da birinci Qarabağ müharibəsinin iştirakçısı olub"- deyə Turan fərəhlə bildirib.

Gənc əməkdaşını hərarətlə salamlayan akademik Akif Əlizadə institut kollektivinin Tural kimi vətənpərvərlərə və elmə həvəs göstərənlərə görə qürur duyduğunu, onlara minnətdar olduğunu deyib və elmi fəaliyyətlərində hər cür qayğı ilə əhatə ediləcəklərini nəzərə çatdırıb. "Siz qalib ordunun əsgərlərisiniz. Siz ömrümüzün sonuna kimi bütün dostların, qohumların, tanışların - hamımızın yaddaşında qalib kimi də qalacaqsınız", -deyə akademik vurğulayıb.

Bildirək ki, Turan İmaməli 1991-ci ildə Bakıda anadan olub, 2013-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib.