
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
14 Jan 2021
Diqər xəbərlər
RESPUBLİKA MƏTBUATINDA PROFESSOR ÇİNGİZ ƏLİYEVİN MƏQALƏSİNƏ DİQQƏT
14 yanvar 2021-ci il

Müəllif məqaləsində 30 il müddətində Ermənistanın Azərbaycan torpaqlarını təcavüzdə saxlaması nəticəsində işğal olunmuş ərazilərdə müxtəlif texnogen fəaliyyət və döyüş əməliyyatlarının aparılması nəticəsində ətraf mühitə ciddi ziyan vurulduğunu diqqətə çatdırır. Bildirilir ki, Ermənistanın “Metsamor” AES-dən çıxarılan radioaktiv tullantıların işğal altında olan Azərbaycan ərazilərində basdırılması və həmin ərazilər vasitəsilə daşınması barədə çoxsaylı məlumatlar yayılıb. Həmin tullantılar əsasən Ağdərə, Kəlbəcər və Laçın rayonlarında "dəfn edilib". Bu isə təkcə Azərbaycan üçün yox, bütün region üçün çox böyük təhlükə mənbəyidir.
Bundan başqa, müharibə əməliyyatları zamanı bir sıra silahların hazırlanmasında istifadə olunan radioaktiv və yüksək toksikliyə malik bəsitləşdirilmiş uran radioekoloji vəziyyəti pisləşdirən digər əsas mənbələrdən biridir. Ekspertlərin rəyinə görə, müharibə zamanı bəsitləşdirilmiş uran torpağın radioaktiv çirklənməsinə gətirib çıxarır ki, bu da gələcəkdə yerli əhali arasında bədxassəli törəmələr və müxtəlif genetik xəstəliklərin əmələgəlmə riskini dəfələrlə artırır.
Çingiz Əliyev təbii radiasiya barədə yazaraq bildirir ki, insan sağlamlığı üçün ən təhlükəli radiasiya mənbəyi həm də təbii radioaktiv qaz olan radon və onun parçalanma məhsullarıdır. Radonun insan sağlamlığı üçün təhlükə dərəcəsinin qiymətləndirilməsi üzrə müxtəlif məlumatlar mövcuddur.
Azərbaycanın müxtəlif regionlarında yaşayış və iş yerlərində radonun konsentrasiyasının xüsusi məqsədli çoxsaylı ölçmələri ilk dəfə 2010-2011-ci illərdə aparılıb. Tədqiqatları Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu Cənubi İsveçrənin Tətbiqi Elmlər Universiteti (SUPSI) ilə birgə yerinə yetirib.
SNSF və SUPSI dəstəyi ilə AMEA Geologiya və Geofizika İnstitutuna 2500 radon detektoru təqdim edilib və bu detektorlar 2010-cu ilin noyabr-dekabr ayları ərzində respublikanın müxtəlif regionlarında əsasən yaşayış evlərində və bəzi sənaye obyektlərində quraşdırılıb. Deyilən işərin davamı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 iyul 2014-cü il tarixli 236s saylı “Azərbaycan Respubikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci ilər üçün Tədbirlər Proqramı” təsdiq edilib.
Aparılmış tədqiqatlar nəticəsində “Azərbaycan ərazisində radonun həcmi aktivliyinin yayılma xəritəsi” Avropa Komissiyası tərəfindən tərtib olunmuş “Avropanın qapalı mühitlərində radonun yayılması” adlı elektron xəritəyə daxil edilib. Həmçinin ötən illər ərzində respublika ərazisində ümumi radioaktivlik və radonun səviyyəsinin öyrənilməsinə həsr olunmuş tədqiqatlarda işğal altında olan ərazilər məlum səbəblərdən kənarda qalmış və tərtib olunan xəritələrdə köhnə məlumatlardan istifadə olunub ki, bu da işğaldan azad edilmiş ərazilərdə yeni radiometrik tədqiqatların aparılması zərurəti yaradır. Hazırda erməni işğalından azad olunmuş ərazilərimizdə radioekoloji vəziyyətin öyrənilməsi məqsədilə elmi-tədqiqat işlərinin davam etdirilməsi üçün şərait yaranıb. Düşmən tərəfindən dağıdılmış kənd və şəhərlərimizin bərpası zamanı yeni tikilən binaların ərazisində radon və təbii şüalanma mənbələrinin təyin olunması məsələsinin vacibliyi nəzərə alınarsa, bu tədqiqatların dövlət nəzarəti altında aparılması adı çəkilən radioekoloji probleminin effektiv həllini təmin etmiş olar.
Ç.Əliyev məqaləsində xüsusilə vurğulayıb ki, AMEA Geologiya və Geofizika İnstitutunun indiyə kimi apardığı elmi-tədqiqat işlərin nəticəsində əldə olunan təcrübədən istifadə etməklə Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilmiş ərazilərində radioekoloji çirklənmə səviyyəsinin qiymətləndirilməsi, radon riskli zonaların müəyyənləşdirilməsi, bərpa olunan və yenidən tikilən yaşayış, ictimai və digər binalarda təbii şüalanmanın və radonun miqdarının təyin edilməsi, həmin ərazilərdə radon riskinin azaldılması üzrə məsələlərin həyata keçirilməsi üçün Dövlət Tədbirlər Proqramının işlənməsi məqsədəuyğundur.
Xatırladaq ki, "ELM TV" kabel televiziyası, "SCIENCE.GOV.AZ" saytı da Çingiz Əliyevin işğaldan azad edilmiş torpaqlarda radiasiya problemləi ilə bağlı mülahizələrini işıqlandırıb,həmçinin digər mənbələr GGİ aliminin məqaləsinə istinad ediblər.