
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
BİR SUAL
Azərbaycan neft sənayesinin indiki durumunu geoloji baxımdan necə xarakterizə edərdiniz?
Sualı Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi g.-m. e. n. Şahvələd Köçərli cavablandırır.
- Təqdim etdiyimiz qrafikə diqqət etsəniz, son 10-13 ildə neft hasilatının ildə 1,2-1,5, bəzən isə 2 milyon tona qədər azalmasını görərsiniz. Belə ki 2011-ci ildə Respublika üzrə neft hasilatının pik həddindən –51,8 mln.tondan üzü aşağı azalma baş verir. Bunun başlıca səbəbi Azəri-Günəşli-Çıraq yatağında hasilatın təbii azalması ilə yanaşı, digər sahələrdə yeni neft ehtiyatlarının kifayət qədər hazırlanmaması olmuşdur. Ən başlıca səbəb isə kəşfiyyat qazma işlərinin kəskin surətdə azalması olmuşdur. Qrafikdən də göründüyü kimi, 1970-1990-cı illərdə Respublika üzrə illik neft hasilatı 15-18 mln.t miqdarında, kəşfiyyat qazması ildə 220-250 min metr, ehtiyat artımı isə 40-50 mln. ton təşkil edərdi. Yəni, o illərdə çıxarılan neftdən artıq miqdarda ehtiyatlar hazırlanmış və qismən istismara daxil edilmişdi. Son 30 il ərzində kəşfiyyat qazması ildə 10-15 min metrə, ehtiyat artımı isə ilk onluğa qədər azalmışdır.
1 - Azərbaycanda 1970-2024-ci illərdə neft hasilatı
2 - ehtiyat artımı
3 - kəşfiyyat qazması arasında əlaqə
İlkin baxışda bu qrafikdə sanki bir tərslik də müşahidə edilir. 1990-cı illərin əvvəllərindən kəşfiyyat qazması və ehtiyat hazırlanmasının azalması fonunda neft hasilatı artmış və pik həddinə (51,8 mln. t) çatmışdır. Bəli, bu doğurdan da, belədir. Fəqət unutmamamlıyıq ki, hasilatın artımı monoyataq – Azəri-Günəşli-Çıraq hesabına olmuşdur və bunun da ehtiyatları keçən əsrin 80-ci illərində hazırlanmışdır. Necə deyərlər, biz 30 ildən çox bir müddətdə mayadan yeyirik, əlavəmiz isə çox azdır.
Təbii ki, hamımızı iki məsələ – mövcud ehtiyatların neçənci illərə qədər çatması problemi və yeni ehtiyatların hazırlanma imkanları maraqlandırır. Birinci suala cavab olaraq deməliyik ki, indiki hasilat səviyyəsində mövcud və ya yeni hazırlanacaq ehtiyatlar bu əsrin sonuna qədər çata bilər və bu dünya səviyyəsi göstəricilərindən (58-60 il) xeyli çoxdur. İkinci məsələyə – yeni imkanlar məsələsinə gəlincə - burada mətləb qəlizdir. Əvvəla, onu qeyd etməliyik ki, ən optimistik hallarda belə biz 2011-ci il pik səviyyəsini ala bilməyəcəyik. Çünki ikinci bir Azəri-Günəşli yatağını açmaq imkanı çox azdır. Biz olsa-olsa, hasilatın azalma tempini stabilləşdirə bilərik ki, bunun üçün də kəşfiyyat qazma və geofizika işlərini artırmaq lazımdır.
Son illərin geoloji ədəbiyyatında “yataqların geoloji şəraitinin mürəkkəbləşməsi” termini əmələ gəlmişdir. Bu o deməkdir ki, artıq bütün dünyada, eləcə də Azərbaycanda az dərinlikli və asan geoloji şəraitlərdə olan yataqlar kəşf edilib istismara verilmişdir. Qalır çətin şəraitlərdə və böyük dərinliklərdəki yataqlar. Bunun reallaşması üçün сiddi elmi tədqiqat, geofiziki və dərin qazma işləri və təbii ki, müvafiq maliyyə vəsaiti nəzərdə tutulmalıdır.
Yeni kəşfiyyat obyektləri olaraq Xəzərin dərin sulu strukturları daha cazibədar görünür, quru sahələrində də perspektivli strukturlar var. Sadəcə, dərin elmi analiz və təşəbbüs lazımdır. Əks halda Respublika iqtisadiyyatı problemlə üzləşə bilər.
Qeyri-ənənəvi karbohidrogen mənbələri olaraq ağır neftlərin, yanar şistlərin, qaz hidratların imkanları yenidən dəyərləndirilməli, əməli təkliflər hazırlanmalıdır. Axı, dünyanın bir çox ölkələrində, məsələn, ABŞ-də bu sahədə böyük təcrübə və nəticələr var. Biz isə hələ də “dədə-baba” qaydası ilə işləməyi üstün tuturuq.
Alternativ və ya bərpa olunan enerji mənbələri (SES, külək, günəş və geotermal enerji) haqqında son illərə qədər çox danışır, az iş görürdük. Hazırda bu enerji növlərinin ümumi balansda payı 20%-dən bir qədər çoxdur. Azərbaycan hökuməti vəd edir ki, bu rəqəm 2030-cu illərdə 30%-ə çatdırılacaq.
Oxucularımızı “ürəkləndirmək” üçün xatırlatmaq istərdim ki, Norveç kimi böyük neft ölkəsində (ildə 90 mln. t-na yaxın) hazırda bərpa olunan enerjinin payı 30%-dir, 2030-cu illərin başlanğıcında isə bu rəqəmin 90%-ə çatdırılması hədəflənir.
Göründüyü kimi, Respublika iqtisadiyyatının məhək daşlarından biri olan energetika sahəsində görüləcək işlər çoxdur. Bu işlərin səmərəliliyinin artırılması müvafiq elmi-tədqiqat və layihə tədqiqatlarının aparılması ilə bilavasitə əlaqədardır. Ümid edirik ki, əlaqədar təşkilatlar bu sahədə “xəsisliyə” yol verməyəcəklər.