
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
24 May 2021
Diqər xəbərlər
GGİ-də AKADEMİK Ə.ƏLİZADƏNİN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BİRGƏ ELMİ İCLAS KEÇİRİLİB
Akademik Ələşrəf Əlizadənin 110 illik yubileyinə həsr olunmuş AMEA Yer Elmləri Bölməsi ilə Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şuralarının, Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin və Avropa Yer Elmləri Alimləri və Mühəndisləri Assosiasiyasının Azərbaycan bölməsinin birgə iclası keçirilib.
Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq iştirakçıları gündəliklə tanış edib. O, görkəmli alim-geoloq, pedaqoq, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Dövlət mükafatı laureatı, SSRİ-nin fəxri neftçisi, Türkmənistan SSR-in Əməkdar elm və texnika xadimi akademik Ələşrəf Əlizadənin 110 illik yubileyinin GGİ-də qeyd olunmasını fərəhli hasdisə kimi dəyərləndirib.
Akademik Akif Əlizadə Azərbaycanın görkəmli geoloq-aliminin elmi fəaliyyəti haqqında danışaraq bildirib ki, Ə.Əlizadə Azərbaycan SSR EA-nın yaradıcılarından biridir. 74 yaş istedadlı alim üçün az sayılsa da, o bu illəri elmi-ictimai fəaliyyətilə səmərəli və yaddaqalan etməyi bacarıb. Belə ki, 1944-cü ildə "Azərbaycanın maykop lay dəstəsi və onun neftliliyi" mövzusunda monumental tədqiqat işini tamamlayaraq müdafiə etmiş, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsini almışdır. Azərbaycan SSR-in əsas neft rayonlarında geoloji-tədqiqat işləri aparmış, bir sıra mühüm neft və qaz-kondensat (Siyəzən, Zəyli-Zeyvə, Buzovna-Maştağa, Şabandağ, Gürgan, Qaradağ, Qarabağlı, Sanqaçal, Duvannı, Qazanbulaq, Kürsəngi, Muradxanlı və s.) yataqlarının açılmasında bilavasitə iştirak etmişdir. Onun "Yer və zəlzələlər", "Azərbaycanın akçaqılı", "Türkmənistanın akçaqılı", "Azərbaycanın sarmatı", "Azərbaycanın paleogen yataqları" və s. əsərləri elm xəzinəmizə qiymətli töhfə kimi daxil olub. Böyük alim 1943-cü ildə yeni neft yataqlarının kəşfinə və mənimsənilməsinə görə, 1946-cı ildə isə orijinal konstruksiyalı kiçik qabaritli elektroperforator cihazını işləyib hazırladığına görə SSRİ Dövlət mükafatına layiq görülüb.
GGİ-nin direktoru vurğulayıb ki, akademik Ələşrəf Əlizadə geniş diapazonlu alim, nadir istedad sahibi idi. Türkmənistan neft geologiyasının inkişafında Ə.Əlizadəyə məxsus elmi məktəbin böyük rolu olub. Çünki o özü məşhur alimlərin məktəbini keçmişdi. Dərin elmi və praktik təcrübəsi zəngin olan Ələşrəf Əlizadə məsul vəzifələrdə rəhbər kimi də nümunəvi idi. Təsadüfi deyil ki, elmi əsərləri ilə yanaşı, pedaqoji fəaliyyəti, həmkarlarla rəftarı onu zamanın qüdrətli elmi dəstəsinin parıldayan ulduzu kimi unudulmaz edib.
G.-m.e.n Şahvələd Köçərlinin “Azərbaycanda neft geologiyasının inkişafı və akademik Ələşrəf Əlizadənin elmi irsi” mövzusunda məruzəsi maraqla qarşılanıb. Natiq yubilyarın elmi fəaliyyətindən faktlar gətirib, eyni zamanda onun daşıdığı məsul vəzifələrindən söz açıb. Bildirilib ki, böyük alim 1946-1948-ci illərdə "Azneft" və "Azneftkəşfiyyat" birliklərinin rəisi, sonrakı illərdə M.Qorki adına Türkmənistan Dövlət Universitetində kafedra müdiri və Türkmənistan SSR EA faydalı qazıntılar bölməsinin müdiri vəzifələrində çalışıb. Daha sonra AzETLİ-nin direktoru, Azərbaycan SSR EA İ.M.Qubkin adına Geologiya İnstitutunda (hazırda Geologiya və Geofizika İnstitutu) "Regional geologiya və tektonika" şöbəsinin müdiri vəzifəsini daşiyib. Ümumittifaq paleontologiya cəmiyyətinin fəxri üzvü, Qubkin adına mükafatın laureatı, SSRİ Ali Sovetinin deputatı olmuş elm fədaisi Ə.Əlizadə iki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilib.
Məruzələr ətrafında çıxışlar zamanı əməkdaşlar yubilyarla bağlı xatirələrini səsləndiriblər.
Sonra Elmi şura gündəliyə uyğun olaraq işini davam etdirib. “Azərbaycanın Paleontoloji Müzeyi” Atlasının tərtib edilməsi üzrə ETİ-nin yerinə yetirilməsinin gedişatı haqqında (akademik Ak.A.Əlizadə, b.e.n. T.M.Eybatov, y.e.f.d. Ş.Ş.Bayramova) məsələ müzakirə edilib.
Elmi şurada həmçinin Geologiya və Geofizika İnstitutunun Rusiya Elmlər Akademiyasının alimləri ilə birgə apardığı elmi-tədqiqat işləri (akademik Fəxrəddin Qədirov), AMEA İtaliya Milli Tədqiqatlar Şurası (CNR) proqramı çərçivəsində aparılan müştərək elmi-tədqiqat işləri (akademik F.Qədirov, AMEA müxbir üzvü Qurban Yetirmişli (RSXM), y.e.e.d. Qulam Babayev), Türkan (Abşeron) qravimetrik stansiyasının qurulması və beynəlxalq qravimetrik tədqiqatlara cəlb edilməsi haqqında (y.e.f.d. Rafiq Səfərov, g.-m.e.n. Samir Məmmədov) məlumatlar dinlənilib. Eyni zamanda çoxsaylı suallar cavablandırılıb.
Fasilədən sonra GGİ-nin akt zalında AMEA Yer Elmləri Bölməsi, AMEA Geologiya və Geofizika İnstitutu, Azərbaycan Neftçi Geoloqlar Cəmiyyəti, Avropa Yer Elmləri Alimləri və Mühəndisləri Assosiasiyasının Azərbaycan bölməsi (EAGE LC Azerbaijan) akademik Ə.Əlizadənin xatirəsinə həsr olunmuş "Karbohidrogenlərin yaranması, miqrasiyası və yığılması” mövzusunda XXI Respublika Elmi Konfransı reallaşıb.



