Ana Səhifə / Xəbərlər

Xəbərlər

11 Apr 2011 Diqər xəbərlər Diqər xəbərlər

Ümumrespublika Yer elmləri sahəsində elmi seminar



13.04.2011 tarixində saat 1100 –da AMEA-nın Geologiya İnstitutunda ümumrespublika Yer elmləri sahəsində elmi seminar keçiriləcək. Seminarda Q.S. Hüseynov (Mineral Xammal Elmi Tədqiqat İnstitutu) “Kiçik Qafqazın şimal-şərqində yerləşən qızıldaşıyan kolcedan tipli yataqların genetik baxımdan formalaşmasında sərbəst qızılın tipomorf xüsusiyyətlərinin mineral –indikator kimi rolu” mövzusunda məruzə ilə çıxış edəcək.
 
 
Respublika ərazisində, xüsusən də Kiçik Qafqazın Şimal-Şərqində yerləşən kolçedan tipli yataqların (Qızılbulaq, Gədəbəy, Qoşa, Dağkəsəmən) filizlərinin qızıl daşıdığı müxtəlif illərdə tədqiqatçılar tərəfindən öyrənilsə də, yataqların genetik baxımdan formalaşması, axtarış-kəşfiyyat, axtarış-qiymətləndirmə işlərinin düzgün istiqamətləndirilməsi, proqnozlaşdırılması və perspektivliyinin qiymətləndirilməsi zamanı əlavə informasiya alınmasında mühüm praktiki əhəmiyyət kəsb edən mineral-indikator kimi sərbəst qızılın tipomorf xüsusiyyətləri istənilən səviyyədə öyrənilməmişdi.

 
Tərəfimizdən aparılan elmi-tədqiqat işləri qeyd edilən problemin həllinə yönəlmişdi. Bu məqsədlə uzun müddət toplanmış faktiki materiallar əsasında ayrı-arılıqda hər bir yataqda sərbəst qızılın mineral-indikator rolunu oynayan aşağıdakı tipomorf xüsusiyyətlər öyrənilmişdi: ölçüləri, sulfid mineralları ilə assosiasiyası, ayrılma forması( morfologiyası), kimyəvi tərkibi və daxili quruluşu.

 
Aparılan tədqiqat işlərinin nəticələri:

 
  • tədqiqat aparılan yataqlarda sərbəst qızılın ölçülərinin geniş diapazonda (0,001-2,5 mm) dəyişməsi, sulfid mineralları (pirit, xalkopirit, sfalerit, qalenit, qessit və petsitlə) ilə assosiasiyada olması müəyyən edilmişdir. Sərbəst qızılın qeyd edilən xüsusiyyətləri kolçedan tipli filizdən onun itkisiz ayrılması üçün texnoloji emal sxemlərin düzgün seçilməsinə imkan verir.
  • yataqların filizlərində sərbəst qızıl aşağıdakı ayrılma formaları ilə (morfologiya ilə) səciyyələnir: oval, damcıvari, izometrik, dairəvi, lövhəvari, bucaq-şəkilli, qoğalabənzər və s. (Qızılbulaq, Gədəbəy), damcıvari, izometrik, amyöbabənzər, dendiritəoxşar (Qoşa), qeyridüzgün, oval, dodaqvari, lövhəyəbənzər, damarşəkilli (Dağkəsəmən). Alınan nəticələr sərbəst qızılın filizdə kristallaşma şəraitinə, filizdaxili tektonik hərəkətlərin xarakterinə aydınlıq gətirməklə sadalanan yataqların metallogenik xüsusiyyətləri haqda da mühakimə yürütməyə imkan verir. Bu da geoloji kəşfiyyat işlərinin düzgün istiqamətləndirilməsində mühüm praktiki əhəmiyyət daşıyır.
  • aparılan mikrozond təhlilin nəticələri əsasında yataqlarda mövcud olan sərbəst qızılın müxtəlif kimyəvi tərkibə (əyarlığa) malik olması müəyyən edilmişdir: 652-953%, orta əyarlıq 819% (Qızılbulaq), 545-847%, orta əyarlıq 746% (Gədəbəy), 690-930%, orta əyarlıq 810% (Qoşa), 890-950%, orta əyarlıq 830% (Dağkəsəmən). Əyarlığın müxtəlifliyi yataqların genetik xüsusiyyətlərini müəyyən etməyə imkan verir və eyni zamanda yataqların qızıllığının öyrənilməsinin müxtəlif mərhələlərində axtarış-proqnoz əlaməti kimi praktiki əhəmiyyət kəsb edir.
  • sərbəst qızılın tərkibində mövcud olan mikroelement-qatışıqların miqdarı və tərkibi tədqiqat aparılan yataqlarda öyrənilmiş və fərqli göstəricilərin olduğu müəyyən edilmişdir. Eyni zamanda şaquli istiqamətdə filiz kütləsində dərinlikdən asılı olaraq sərbəst qızılda element qatışıqların miqdar və tərkibinin qanunauyğun olaraq dəyişməsi də müşahidə edilmişdir. Sərbəst qızılın qeyd olunan xüsusiyyətləri yatağın əmələgəlmə şəraitinin və filiz kütləsinin yerləşmə dərinliyinin müəyyən edilməsində mühüm rol oynayır.
  • mikroskopik tədqiqatlar zamanı anşlifdə xromanhidridi və HCL məhlulu ilə aşılanmış sərbəst qızılın aşağıdakı daxili quruluşu müşahidə edilmişdir: qeyriaydın zonallıq, monodənəvər, eynicinsli (Qızılbulaq), zonallı, kollomorf-zonallı, ləkəli, dənəvər (Gədəbəy), monodənəli ,zonallı, qeyriaydın zonallı (Qoşa), eynicinsli, monodənəli, qeyriaydın dənəli, ləkəli (Dağkəsəmən). Alınan nəticələr yataqların az dərinlikdə formalaşması haqda mühakimə yürütməyə əsas verir. Sərbəst qızılın daxili quruluşu müxtəlif tipli filizlərdə fərqli olduğundan , filiz əmələgəlmənin etap və mərhələlərinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.